Yeni WordPress Saytı

Taleh Mahmudov-60

Krasnoyarskdakı diaspor rəhbərinin doğum günüdür

 

Avqustun 7-də Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudovun 60 yaşı tamam olur. Taleh Mahmudov, həmçinin Krasnoyarsk şəhərində yerləşən “Bionika” bərpa terapiyası klinikasının təsisçisidir. O, İdman ustası, Krasnoyarsk vilayətinin Ağır Atletika Federasiyasının prezidentidir.
Xatırladaq ki, Taleh Sədi oğlu Mahmudov 1961-ci il avqustun 7-də Ağsu rayonunun Göydəlləkli kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra təhsilini Bakıda Maliyyə-iqtisad texnikumunda davam etdirib. 1979-cu ildə hərbi xidmətə çağırılıb və 1981-ci ilə qədər Xabarovskda Sovet Ordusunda xidmət edib. 1982-ci ildən indiyədək Krasnoyarsk şəhərində yaşayır və orada işləyir. Dəmir yollarının tikintisi idarəsində onun yolu iş icraçısından keçərək, tikinti-montaj idarəsinin rəisi vəzifəsinə qədər gedib çıxıb. Krasnoyarsk şəhərindəki bir sıra əhəmiyyətli memarlıq obyektləri bilavasitə Taleh Mahmudovun iştirakıyla tikilib, istifadəyə verilib. Onlardan “Lokomotiv” stadionunu, çoxmənzilli yaşayış evlərini, sosial təminat obyektlərlərini, Kemçuq dəmiryol stansiyasının binasını və s. misal göstərmək olar.   O, 1992-ci ildə Krasnoyarsk Mühəndis-inşaat institutunu bitirib.   1998-ci ildən Taleh Mahmudov aktiv ictimai fəaliyyətlə məşğul olur. Onun fəaliyyəti əsasən, Azərbaycan mədəniyyəti və ənənələrinin Krasnoyarsk vilayətində qorunub saxlanması və inkişafına yönəlib. 1998-ci ildə bilavasitə onun iştirakı ilə Krasnoyarskda yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı yaradıldı. 2004-cü ildən həmin təşkilatın sədridir. Taleh Mahmudovun rəhbərliyi altında bu təşkilat Krasnoyarsk vilayətinin, həmçinin şəhərin özünün sosial-mədəni və ictimai-siyasi həyatında daim iştirak edir. Həmvətənlərinə, o cümlədən Azərbaycandan gələnlərə kömək edir. Milli mədəni ənənələrin qorunması və tanıdılmasına çalışır. 2016-cı ildə Taleh Mahmudov Krasnoyarsk vilayətindəki Azərbaycan icmalarının nümayəndələri ilə böyük bir iş aparıb. Bu işin nəticəsində vilayətin azərbaycanlı icmalarının nümayəndələrinin konqresi keçirilib, orada yeni bir ictimai təşkilatın yaradılmasına qərar verilib – Krasnoyarsk vilayəti Regional azərbaycan milli-mədəni muxtariyyəti. Toplantı iştirakçıları yekdilliklə Taleh Mahmudovun sədrliyinə səs veriblər. Taleh Mahmudovun rəhbərliyi altında muxtariyyət milli mədəniyyətin qorunması və inkişafı üçün böyük iş görür. Krasnoyarsk vilayətində və Krasnoyarsk şəhərində Azərbaycanın Respublika günü, Novruz bayramı və başqa əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi ənənə xarakteri alıb. Muxtariyyətin təmsilçiləri vilayətdə və şəhərdə keçirilən mədəni tədbirlərdə iştirak edirlər. Azərbaycan muxtariyyətinin nəzdində uşaqlardan, həmçinin böyüklərdən ibarət bir neçə yaradıcı kollektiv də fəaliyyət göstərir.
Taleh Mahmudovun sayəsində Rusiyasnın azərbaycan Gənclər Təşkilatının Krasnoyarskda şöbəsi açılıb. Təşkilatın məqsədi mədəniyyət, idman, təhsil və elmi inkişaf baxımından azərbaycanlı gənclərin inkişafı, mənəvi dəyərlərin dəstəklənməsidir.  Azərbaycan muxtariyyətinin gənclərdən ibarət “Odlar Yurdu” adlı KVN komandası vilayətdə milli-mədəni ictimai təşkilatların komandaları arasında ən yaxşılardan biridir. 2016-cı ilin mayında “Odlar Yurdu” KVN üzrə Millətlər liqasının gümüş mükafatçısı, 2017-ci ilin noyabrında isə turnirin qalibi olub. 2017-ci ildə Taleh Mahmudovun dəstəyilə 1941-45-ci illərdə müharibədən bəhs edən “Azərbaycandan cəbhəyə” adlı kitab ərsəyə gəlib və təqdimat mərasimi keçirilib. Bu kitab vilayətin elmi-tədqiqat kitabxanasında layiqli yer tutur.   “Azərbaycan milli-mədəni muxtariyyəti”nin sədri olaraq, Taleh Mahmudovun Krasnoyarskda başqa milli-mədəni ictimai birliklərin rəhbərlərilə sıx əlaqələri var. Taleh Mahmudov azərbaycanlıların ümumrusiya sosial-mədəni məkana inteqrasiyası üçün də böyük iş görür, Azərbaycanla Krasnoyarsk vilayəti arasında işgüzar və mədəni əlaqələrin qurulmasına, inkişafına töhfəsini verir.   İctimai fəaliyyətlə yanaşı, Taleh Mahmudov idman və sağlam həyat tərzinin təbliğinə də xüsusi diqqət yetirir. 2000-ci ildə onun rəhbərliyi altında Krasnoyarsk regional ictimai təşkilatı olan Ağır Atletika Federasiyası yaradılıb. İndiyə qədər federasiyaya o, rəhbərlik edir. Federasiya daimi əsaslarla fəaliyyət göstərir, şəhər və regional səviyyədə yarışlar təşkil olunur, istedadlı idmançılar yetişdirilir. Onların arasında beynəlxalq səviyyəli yarışların mükafatçıları var. Bundan əlavə, Rusiya Federasiyasının regionları ilə bədən tərbiyəsi və idmanla bağlı sıx qarşılıqlı əlaqələr yaradılıb. Taleh Mahmudov bu fəaliyyətinə görə 2018-ci ildə təltif olunub.

Taleh Mahmudov 2018-ci ildə Rusiyanın Krasnoyarsk şəhər sakinlərinin dəstəyini qazananaraq deputat seçilib

İctimai fəaliyyətlə yanaşı, T.Mahmudov krasnoyarsk vilayətində özəl və çatımlı tibbin inkişafı istiqamətində də aktiv fəaliyyət göstərir. 2003-cü ildə o, “Bionika – bərpa terapiya klinikası” adlı MMC-ni təsis edib. Bu klinika 15 ildən çoxdur ki, Krasnoyarskda tibbi xidmətlər sahəsində uğurla fəaliyyətini davam etdirir. Krasnoyarsk vilayətinin və Krasnoyarsk şəhərinin ən böyük çoxprofilli özəl klinikalarından biri olan “Bionika”da demək olar ki, tibbi ixtisaslaşmanın demək olar ki. bütün sahələri üzrə mütəxəssislər fəaliyyət göstərir. İnsanların keyfiyyətli cərrahiyyə yardımı ala bilməsi üçün Taleh Mahmudovun rəhbərliyi altında bu klinikada xüsusən cərrahiyyənin inkişafı prioritet qoyulub. Endoskopik cərrahiyyə, o cümlədən artroskopiya, histeroskopiya, diaqnostik laparoskopiya, miomektomiya və başqa cərrahiyyə əməliyyatları uğurla həyata keçirilir.   Krasnoyarsk şəhərində özəl klinikalardan ilk dəfə “Bionika”da 2017-ci ildə unikal tək-portlu xolesistektomiya, həmçinin eyni vaxtda laparoskopik əməliyyatlar uğurla həyata keçirilib.
2018-ci ildə Rusiyanın Krasnoyarsk şəhər sakinlərinin dəstəyini qazanan soyadımız Taleh Mahmudov Krasnoyarsk şəhər Deputatlar Şurasına deputat seçilib. Dağıstanın Serqokolinsk rayonunun fəxri vətəndaşı olan Taleh Mahmudov 2018-ci ildə Vahid Rusiya partiyasına üzv olub.
Taleh Mahmudov 2019-cu ilin 5 aprelində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamına əsasən fəxri fərmanla təltif olunub. Sərəncam Rusiyanın hüquqi informasiya üzrə dövlət sisteminin rəsmi saytında dərc olunub. Həmyerlimiz Rusiya Prezidenti tərəfindən əmək nailiyyətlərinə, aktiv ictimai fəaliyyətinə və çoxillik vicdanlı işinə görə bu mükafata layiq görülüb. Bundan əvvəl Taleh Mahmudov Krasnoyarsk vilayətinin qubernatoru, vilayətin qanunverici orqanı, Krasnoyarsk şəhərinin başçısı, Səhiyyə Nazirliyi və başqa qurumlar tərəfindən tərəfindən dəfələrlə təşəkkür məktublarına, mükafatlara layiq görülüb.

Ötən il Taleh Mahmudovun təşəbbüsü ilə pandemiya dövründə də Krasnoyarskda xeyriyyə aksiyası keçirilib. Belə ki, Taleh Mahmudov və dini lider Mütəllib İbişev başda olmaqla Krasnoyarsk şəhərinin vətəndaşlarına özünütəcrid dövründə xeyriyyə yardımı aksiyası təşkil ediblər. Aksiyadan məqsəd milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq ehtiyacı olan hər kəsə ərzaq yardımının təqdim edilməsi olub. Krasnoyarsk diyarının Azərbaycan Milli-Mədəni Muxtariyyəti əvvəllər də belə aksiyalar keçirib.
Taleh Mahmudov deyib: “Biz, Krasnoyarsk şəhərinin sakinləri özünütəcrid rejiminə riayət etməliyik. Biz başa düşürük ki, bir çoxları bu dövrdə müvəqqəti işindən məhrum olub, çıxılmaz şəraitə düşüblər və çətin vəziyyətdədirlər. Bununla bağlı biz 50-dən çox ailəyə yardım vermək və maksimum dəstəkləmək qərarını qəbul etdik”.

“Krasnoyarskı diyarı ilə Azərbaycan Respublikasının əlaqələrinin möhkəmləndirilməsinə səylə çalışacam”

Talaeh Mahmudovun rəhbərliyi ilə Krasnoyarsk diyarında yaşayan Azərbaycan diasporunun nümayəndələri İkinci Qarabağ müharibəsi zamanı Vətənə maddi və mənəvi yardım ediblər. Belə ki, soydaşlarımız yaralanmış azərbaycanlı hərbçilərin müalicəsi üçün 52 ədəd İlizarov aparatına vəsait toplayıblar. Xatırladaq ki, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudov adından Dövlət Sərhəd Xidməti Hərbi Hosbitalının rəhbərliyinə yardımla bağlı məktub ünvanlanıb. Məktubda bildirlib: “Biz, Krasnoyarsk ərazisində yaşayan azərbaycanlılar yaralı əsgərləri dəstəkləmək məqsədilə vəsait toplamaq aksiyası keçirmişik və müvafiq hərbi tibb müəssisələrinə 52 pasiyent üçün İlizarov üzrə xarici təsbit aparatlarının dəstini təqdim etmək qərarına gəlmişik.
Baxmayaraq ki, bu hədiyyə cəsur Azərbaycan əsgərinin igidliyi ilə müqayisə olunsa da, ümid edirik ki, adıçəkilən aparatlar yaralı əsgərlərimizin tezliklə sağalması üçün öz tətbiqini tapacaqlar! Allah, Cənab Ali Baş Komandanı və Azərbaycan Ordusunun bütün əsgər və zabitlərini qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! Allah şəhidlərimizə rəhmət etsin!”
Qeyd edək ki, artıq Krasnoyarskdan göndərilən 52 ədəd İlizarov aparatı Dövlət Sərhəd Xidməti Hərbi Hosbitalına təhvil verilib.
Ötən il Diasporla İş üzrə Dövlət Komitəsi “Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib. Təltif olunan soydaşlarımız arasında Taleh Mahmudov da var.
Taleh Mahmudov bu diqqətə görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkür edib. O qeyd edib ki, bundan sonra da Krasnoyarskı diyarı ilə Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsinə, Azərbaycan tarixinin, mədəniyyətinin təbliğinə səylə çalışacaq.
Taleh Mahmudovu 60 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, ictimai-siyasi fəaliyyətidə müvəffəqiyyətlər diləyirik.

Vetenqehremanlari.az