Yeni WordPress Saytı

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunan tədbir olub

“Dil olduqca böyük təsir gücünə malik ünsiyyət vasitəsidir”, – bu fikri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunan tədbirdə söyləyib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə ana dilimizin keçdiyi inkişaf yolu, göstərilən dövlət qayğısından bəhs edən alim dilimizin tarixin müxtəlif dövrlərində ərəb-fars dillərinin təsirinə məruz qalması, Sovet hakimiyyəti dövründə tariximizə, eləcə də dilimizə qarşı yeridilən yadlaşdırma siyasətindən söz açıb.
Natiq Azərbaycan dilinin qorunmasında, eləcə də inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu vurğulayaraq bildirib ki, bu siyasətin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl tədbirlər, qəbul etdiyi qərarlar doğma ana dilinin bugünkü inkişaf səviyyəsinə çatmasında olduqca mühüm əhəmiyyətə malikdir.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tədbirdə “Dövlət dil siyasəti və muxtar respublikada tətbiqi məsələləri” haqqında çıxış edib.
Çıxışda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Azərbaycan dilini dövlət dili elan edən 27 iyun 1918-ci il tarixli qərarının milli dil siyasətinin formalaşmasının əsası olduğu qeyd olunub. Alim bildirib ki, dilimizin saflığı və yaşaması uğrunda mübarizə XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər davam etsə də, onun dövlət dili səviyyəsinə yüksəlməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsası kimi həmişə diqqət mərkəzində saxlamış, 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdur.
Həmin dövrdə Azərbaycan dilinin qrammatik quruluşunun elmi şəkildə öyrənilməsinə başlanılmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi-tədqiqat materialları və kitablar nəşr olunmuş, ölkəmiz beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmışdır.
Professor Ə.Quliyev bildirb ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə respublika həqiqi müstəqillik yoluna qədəm qoydu. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayan müstəqil Azərbaycan Respublikası hər sahədə olduğu kimi, dil siyasəti sahəsində də bu varisliyi qoruyub saxladı. Ümumilli liderin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə dövlət dili siyasətinin miqyası daha da genişləndi.
2001-ci il avqustun 9-da imzalanmış fərmanla 1 Avqust tarixi ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü elan olundu. Bu əlamətdar günün təsis edilməsi ulu öndər Heydər Əliyevin 1969-cu ildən başladığı milli dil siyasətinin, 1993-cü ildən həyata keçirdiyi milli dövlətçilik siyasətinin qanunauyğun nəticəsidir.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləri olub ölkədə dilçilik elminin nəzəriyyə və praktikasının inkişafını, ana dilimizin ümumxalq dili kimi inkişafını təmin etmişdir.
Ümummilli liderin ideyalarını bu gün layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Ölkə başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam əlifba ilə bağlı problemləri tamamilə həll etdi.
Naxçıvan Muxtar Respublikasında da dövlət dil siyasətinin uğurla həyata keçirildiyini söyləyən alim qeyd edib ki, son illər nəşr olunmuş “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” və digər nəşrlər tariximiz, mədəniyyətimizlə yanaşı, dilimizin də qorunub saxlanılması sahəsində əsaslı tədbirlərdəndir. Bu gün muxtar respublikada ticarət və iaşə obyektlərinə doğma dilimizdə adların verilməsi, reklam lövhələrinin dilin qayda-qanunlarına uyğun yazılması ana dilimizin qorunması sahəsində həyata keçirilən tədbirlərdəndir. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi isə əsrlərdən bəri süzülüb gələn dilimizə xalq sevgisinin gerçək ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması dilimizlə bağlı tədbir və nəşrlərin həyata keçirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Göstərilən dövlət qayğısının nəticəsidir ki, ötən dövrdə dilimizin işləkliyi və düzgün təbliği diqqət mərkəzində saxlanılmış, muxtar respublikanın televiziya və radiolarında Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə bədii şuralar yaradılmışdır.
Alim muxtar respublikadakı ali təhsil müəssisələrində ana dilindən istifadə imkanlarını mükəmməl mənimsəmiş kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini bildirib, dilimizin qorunub saxlanmasında elm adamlarının, xüsusilə gənc nəslin üzərinə düşən vəzifələrdən bəhs edib.
Tədbirdə həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdirləri, dosentlər Firudin Rzayev və Nuray Əliyevanın çıxışları dinlənilib.
Çıxışlarda Azərbaycan dilinin xalq danışıq dili kimi keçdiyi zəngin inkişaf tarixinə nəzər salınıb, müxtəlif dövr səyyahlarının ana dilimiz haqqında fikirləri təhlil olunub, aparılan tədqiqatların uğurlu nəticələri diqqətə çatdırılıb. Mənbələrin məlumatlarına əsaslanan tədqiqatçılar Azərbaycan dilinin istifadə imkanları, eləcə də formalaşması
və təkmilləşməsi ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.             Tədbirin sonunda maraq doğuran məsələlər müzakirə olunub.