Yeni WordPress Saytı

Yalova Festivalında Azərbaycanın Vətən müharibəsində Qələbəsinin əhəmiyyəti xüsusi vurğulanıb

İyirmi ildən artıqdır ki, Türkiyənin Yalova Folklor Təhsil Mərkəzi (YAFEM) təşkilatının təşəbbüsü ilə Yalova şəhərində keçirilən türk boyları mədəniyyət festivalının başlıca məqsədi məhz türk dünyasının mənəvi-mədəni birliyini möhkəmləndirməkdən ibarətdir. İyulun 16-da başlayan növbəti – 24-cü festival beş gün davam edib.

Yalovada yaşayan soydaşımız, “voicepress.com.tr” Beynəlxalq Xəbər və Araşdırma Mərkəzinin sədri Ülkər Fərmanqızı AZƏRTAC-a bildirib ki, tədbir çərçivəsində Türk dünyası jurnalistlərinin 15-ci görüşü də keçirilib. Görüşdə türk mədəni coğrafiyasının əsas problemləri, Qarabağda yeni prosesin Türkiyə və türk dünyası baxımından qiymətləndirilməsi və sair məsələlər müzakirə olunub.
İkinci Qarabağ müharibəsində Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməyə müvəffəq olduğunu vurğulayan Ü.Fərmanqızı deyib: “Bu 44 günlük müharibə zamanı Azərbaycan şanlı Qələbə qazanmaqla yanaşı, dünya ictimaiyyətinə Ermənistanın işğalçı, terrorçu və separatçı olduğunu sübut etdi. Qarabağ Zəfəri Prezident İlham Əliyevin qətiyyətli siyasəti, müzəffər Azərbaycan Ordusunun gücü və xalqın həmrəyliyi, qardaş Türkiyə ilə mövcud yüksək səviyyəli münasibətlər sayəsində əldə edilib. Azərbaycan işğala son qoydu, terrora qalib gəldi, regionda sülh üçün əlindən gələni əsirgəmədiyini nümayiş etdirdi. Azərbaycan bu şanlı Zəfərlə BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini icra etdi”.


Görüşə Bakıdan onlayn qoşulan Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Sahib Alıyev, professor Həvva Məmmədova, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri jurnalist Fuad Hüseynzadə çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığından və dostluğundan, Şuşa Bəyannaməsinin, Laçın və Zəngəzur dəhlizlərinin əhəmiyyətindən danışıblar.
Natiqlər bütün dünyada Türkiyənin və Azərbaycan diasporlarının həmrəyliyindən, erməni yalanlarının ifşa olunması üçün atılacaq addımlardan bəhs ediblər.

Türk dünyasının bu istiqamətdə fəaliyyətlərinin planlı və davamlı olması üçün jurnalist Fuad Hüseynzadə tərəfindən Türk Xalqlarının Strateji Müdafiəsi Qurumunun yaradılması təklif olunub. Bu təklif tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Jurnalist Ülkər Fərmanqızı Türk Xalqlarının Strateji Müdafiəsi Qurumunun daha əhatəli şəkildə olmasını vurğulayaraq, Türk Xalqlarının və Türk Toplumlarının Hüquqlarının Müdafiəsi Mərkəzi adı ilə yaradılmasının və təbliğatın son dərəcə səmərəli ola biləcəyini söyləyib.

Xatırladaq ki, artıq 5-ci ildir ki, Azərbaycan rəsmən bu tədbirdə iştirak edir və qəbul olunan bəyannaməyə Azərbaycan üçün önəmli olan maddə ilə düşməyə müvəffəq olur. Bu il də ənənəyə sadiq qalaraq, 16 maddədən ibarət olan Yalova Bəyənnaməsinə 3-cü maddə olaraq Azərbaycanla bağlı məsələ qeyd olunmuşdur.


“YAFEM Türk Dünyası Jurnalistlər Birliyinin üzvləri olaraq, Azərbaycan dövlətinin 44 günlük ədalətli mübarizəsini və bu prosesin sonunda “Qarabağ”ın qələbəsini səmimi qəlbdən təbrik edirik. Bu mühüm qələbənin Türk Dünyası bağlantı dəhlizinin yaradılması ilə taclandırılacağını gözləyirik. Şuşa bəyannaməsində yer alan Türkiyə ilə Azərbaycanın Türk dünyasının diaspor fəaliyyətlərini birlikdə həyata keçirməsi Türk Birliyi üçün əhəmiyyətli bir addım kimi qəbul edilmişdir. Qarabağda və bölgədə davaçlı sülhü təmin etmək, erməni cinayətlərinə və terrorizminə qarşı Türk Birliyinin yaradılması, Türkiyə qardaşlığı fondunda “Türk Xalqları və Topluluklarının Haqlarının Müdafiəsi Mərkəzi”nin yaradılması və Azərbaycan, Türk Dünyası adına Türk Dünyası Media Platformasının fəaliyyətə başlaması ilə yanaşı, konqresimiz tərəfindən tarixi, böyük və ən zəruri bir addım kimi qəbul edilmişdir”, deyə bu sözlər Yalova bəyənnaməsində Azərbaycan adına qəbul edilmiş maddədə öz əksini tapmaqdadır.
Sonda “Şuşanın dağları” mahnısı azərbaycanlı gənc Fərman Musazadə tərəfindən tarda ifa olunub.