Yeni WordPress Saytı

“Biz “Güvən Moto” olaraq xalqımıza xidmət edirik”

Müşfiq Əhmədov: “Vətən müharibəsi zamanı cəbhə bölgəsindəki əsgərlərimiz üçün yardım aparan şirkətləri, müəssisələri və siravi insanları maşınlarla təmin edirdik”

Bugünkü müsahibim gözəl insan və iş adamı, “Güvən Moto” MMC-nin rəhbəri Müşfiq Əhmədovdur. Öncədən deyim ki, müsahibimlə söhbətim çox maraqlı alınıb. Müsahibim verdiyim hər bir suala həm məntiqli, həm də səmimi cavab verib. Mən Müşfiq müəllimin səmimiyyətinə inandım. Müsahibəni sizlərə təqdim etmək istəyirəm.

 

-Müşfiq müəllim, əvvəla təklifimizi qəbul edib bizimlə müsahibəyə razı oldunuz üçün “Vetenqehremanlari.az” saytı olaraq sizə təşəkkür edirik. Biz sizi kifayət qədər yaxşı tanıyırıq. Lakin, qısaca da olsa özünüzü oxucularımıza təqdim edin. Müşfiq müəllim kimdir?

– Mən 1979-cu ildə Qərbi Azərbaycanda, İrəvanda dünyaya gəlmişəm. Uşaqlığımı orada keçirmişəm, orada böyüyüb boy atmışam.Dövlətimizə qarşı olan müharibə nəticəsində torpağımızı itirdiyimizə görə qaçqın,köçkün düşüb Bakıya gəlib məskunlaşdıq. Demək olar ki, oranın sevgisi və işğaldan azad olunmasını arzulayan bir şəxs kimi böyümüşəm. Bakı şəhəri Nəsimi rayonundakı 266 nömrəli orta məktəbdə təhsil almışam.Oranı bitirdikdən sonra Beynəlxalq Universitetin Maliyyə kredit fakültəsinə daxil olmuşam. Uzun müddət müəyyən idarə və təşkilatlarda fəaliyyət göstərmişəm: “Azərişıq” ASC-də fəaliyyət göstərib xalqımıza xidmət edirik. Bir neçə il bundan əvvəl bu şirkəti açdıq, demək olar ki, bu şirkətdə xalqımıza xidmət edir. Hər bir azərbaycanlı kimi vətənpərvərik: dövlətimizi və Prezidentimizi sevirik, onun yanındayıq və onun siyasətini dəstəkləyik. Hər kəsin bir dəstək imkanı və amalı var. Biz də öz imkanlarımıza uyğun olaraq fəaliyyətimizi göstəririk. Bu Vətən müharibəsi zamanı biz də ordumuza həm mənəvi, həm də maddi dəstəyimizi göstərmişik. Bizim xidmət sahəmiz maşın icarəsdir (Rent a car) və bizdə cəbhə bölgəsindəki əsgərlərimiz üçün yardım aparan şirkətləri, müəssisələri və siravi insanları maşınlarla təmin edirdik.Demək olar ki, bütün avtomobillərimiz cəbhə boyunca hərəkət etdi. Sevinərəm ki, bu gün torpaqlarımız işğaldan azad olunub. Allah Prezidentimizə cansağlığı versin. Onun siyasəti və Rəşadətli Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad olundu. Əlbəttə ki, biz bu qələbədə şəhidlərimizə də borcluyuq. Allah şəhidlərimizə rəhmət etsin!

 

-Dediniz ki, Qərbi Azərbaycandan, İrəvandansız, müharibə zamanı Bakıya köç etmisiz. Mənə maraqlıdır ki, Müşfiq müəllim o illəri necə xatırlayır? Yaddaşınızda hansı xatirələr qalıb?

– 1988-ci ildə bu hadisələr baş vermişdi. Mən özüm 1979-cu ildənəm, azyaşlı uşaq idim, amma yenə də o dövr və o xatirə bizə həm mənəvi, həm də maddi baxımdan çox ağır idi. Mənəvi belə idi ki, qaçha-qaç idi, biz artıq evimizi-eşiyimizi, bizə məxsus olan torpağları atıb köç edirdik. Maddi də ki, təbii ki Bakıya gələndə kasıbçılıq idi.O dövrlərdə xaos idi hər yerdə. O dövrü çətinliklə keçdik. Şükür Allaha ki, indi hər şey yaxşıdır. Düşünün, insan öz evindən çıxan zaman necə olar?İndi həmin o dövrlər, uşaqlığım, bağçada gəzdiyim günlər yaddıma düşür, kövrəlirəm. Biz Krasnoselski (əvvəlki adı Çəmbərək-red.) rayonunun Çay kəndindən idik. Evimiz çayın kənarında idi. Kənd sakinləri o çaydan gəlib su götürürdülər. Bizim mahala Qaraqoyunlu dairəsi deyilir. Orada 17 kəndimiz var. Çox istərdim ki, oralar da işğaldan azad olunsun, biz də öz kəndimizə qayıdaq.

Qeyd etdiniz ki, 44 günlük Vətən müharibəsi zamanı “Güvən Moto” olaraq öz maşınlarınızı cəbhəboyu hərəkət etdirmisiz. Mənə və oxucularımıza maraqlıdır ki, cəbhədəki əsgərlərimizə yardım etmisinizmi?

– Bizə məxsus olan avtomobilləri qarşılıqsız verməklə kimlərinsə yardım aparmasına və yaxud əsgərlərimizin və komandirlərin getməyini təmin etmişik və özümüz də kollektivimizlə əsgərlərimizin yanına getmişik, yardım aparmışıq.

Hal-hazırda torpaqlarımız işğaldan azad olunub. Bunun üçün biz başda Ali Baş Komandan və əsgərlərimizə təşəkkürümüzü bildiririk.

 

– “Güvən Moto” olaraq işğaldan azad olunan rayonların hansında filialınızı yaratmaq istərdiz?

– Hər birimizin uşaqlıq arzusu idi ki, torpaqlarımız işğaldan azad olunsun. Bizim hər zaman Vətən deyə qəlbimiz döyünüb. Arzulayırdıq ki, bir gün gələcək Şuşamıza, Laçınımıza və bütün işğal olunan torpaqlarımıza qayıdacağıq. Çox şükür, o gün gəlib yetişdi. Artıq torpaqlarımıza qayıtmışıq. Bunun üçün biz şəhidlərimizə, qazilərimizə və cənab Prezidentimizə borcluyuq. İstərdik ki, o torpaqlara gedib, oraları gəzək. İstərdim ki, orada da evim olsun, yəni bir yaşayış şəraitim olsun, uşağlıqdan olduğumuz yerlərə yaxın ərazidə biz də məskunlaşaq, orada bir işlə məşğul olaq. Orada nəinki rent a car, daha böyük işlərlə də məşğul olmaq olar.

 

-Sırf hansı ərazidə istərdiz ki, fillialınızı açasız?

– Mənim fikrimcə torpağın fərqi yoxdur. Əsas odur ki, o bizimdir və bu gün sənindir, mənimdir, hamımızındır. Qaldı ki, hansı bölgədə istərdim. Təbii ki, insan olaraq fərqi yoxdur, hamısında yaşamaq və işləmək istərdim. Qaldı ki, iş baxımından bu elə bir strateji yer olmalıdır ki, mərkəz olsun ki, hər tərəfə şaxələnə biləsən. Onun üçün heç bir fərqi yoxdur, tək Şuşa deyək, Laçın deyək. Qoy Laçında fəaliyyət göstərək ki, üzü Ermənistana tərəf gedib çıxaq.

 

-Allah sizi arzunuza yetirsin. Belə bir sual vermək istərdim. Müşfiq müəllim, xeyirxah insansınızmı?

– Hər bir insan anadan olanda onun qəlbində Allah  sevgisi və Allahın lütfü var.İnsan böyüyüb boya-başa çatdığca müəyyən dəyişikliklərə məruz qalır. Sadəcə, insanlar var ki, onu qoruyub saxlaya bilmir, çox insanlarda saxlaya bilir. O ki. qaldı mənim xeyirxah olub olmadığıma, onu kənar şəxslər deyə bilər.

-Aristotel deyib ki, şəxsiyyət olmaq asanddır amma insan olmaq çətindir. Müşfiq müəllim həyatda həm şəxsiyyət, həm də insan olaraq qala bilirmi?

– Müəyyən deyimlər var ki, onları müdrik insanlar deyib. İnsanın şəxsiyyət  və qeyri-şəxsiyyət  kimi qalması onun yaşadığı ömürdən asılıdır. Şəxsiyyət olmaq olar, o, insanın özündən aslıdır ki, hansı formada inkişaf edəcək. İnsanın ağılı, psixologiyası, özünü idarə etməsi yerindədirsə, o şəxsiyyətdir.

 

-Müşfiq müəllim  həyatda nəyi bağışlayardınız?

– Mən xəyanətdən başqa hər şeyi bağışlayaram.

 

-Yəni sizin üçün xəyanət yalandan üstündür?

– Bəli, xəyanət yalandan üstündür. Hətta, belə deyirlər ki, kiçik yalan problemləri həll edirsə, xəyanət heç cür bağışlanmaz. Çünki xəyanət edən insan ikinci dəfə edəcək.

 

-Elə bir an olub ki, kimlərsə nəyəsə görə sizə yalan  danışsın?

– O, hər bir insanda var, kim desə ki, yalan danışmıram, ona inanmayın.

 

-Yaxşı o insanı bağışlamısız?

– Xəyanət deyilsə bağışlamışam. Çünki yalan müxtəlifdir. Yalan var ki, özünə bəraət qazandırır. Yalanda var ki, gələcək bir təhlükə olacaqsa xırda bir yalanla onun qarşısını alır, qoymur olsun.Yalanın hamısı pis deyil, amma xəyanətin hamısı pisdir.

 

– Bu motorlara, maşınlara həvəs sizdə hardan yarandı?

– Bütün kişilərin uşaqlıqdan arzusu odur ki, maşını olsun, maşın sürsün. Bizdə də gözümüzü açandan evimizdə maşın olub. Atam işə gedənə qədər tezdən oyanırdım ki, maşını yuyum, heç olmasa qabağa, geri verə bilim.İlk növbədə atama göstərirdim ki, mən artıq böyümüşəm.

Ailə qurursansa, maşının olmalıdır. Bu artıq tələbata çevirilir. Oda göstərir ki, sənə tələbatdırsa, artıq hər kəsə tələbatdır. Sonra çevirilir biznesə ki, kiminsə maşını yoxdursa cüzi bir məbləğlə onu alsın.

-“Güvən Moto” oxucularımıza nə vəd edir? İnsanlar niyə məhz “Güvən Moto”dan maşın almalıdırlar?

– Biz bu şirkəti, xidmət yerini yaradan zaman düşündük ki, respublikamızda çox rent a carlar var, cürbəcür özlərinə  məxsus fəaliyyət göstərirlər. Biz adını Güvən qoyduq. Niyə? Çünki, fikirləşdik ki, biz güvənli olub hər kəsin güvənini qazanmalıyıq. Bizim işimiz çox fərqlidir. 24 saat xidmət göstəririk. Verdiyimiz maşında hər hansı bir problem yaranarsa, gecə ilə əməkdaşlarımız növbəti avtomobili çatdırır və müştəri yoluna davam edir, biz bunu tam ödənişsiz həll edirik.

 

-Hansısa bir kampaniya  varmı ki, müştərilər  ondan yararlana bilsinlər?

– Hər bir şirkətdə olduğu kimi bizdə də kampaniyalar var. Bunlar, təbii ki, ənənəvi  olaraq bayramqabağı olur. Xüsusi kampaniyalar var ki, insanlar gəlib müqavilələr bağlayır ki, 10 gün və ya 1 aya avtomobillər onların olsun. O zaman onlara böyük endirimlər təklif edirik və onlar avtomobil sahibi olurlar.

 

Müsahibimlə danışan zaman onun özünə necə əmin insan olduğunu görürdüm. Özünə əminliksə o deməkdir ki, sən işinin peşəkarısan. Müşfiq müəllim, həqiqətən də həm vətənpərvər bir insan, həm də öz işinin peşəkarıdır. Onunla dayanmadan söhbət etmək istərdim…

 

-Dediniz ki, kifayət qədər vətənpərvərsiz. Vətən və Vətən ağrısı deyilən zaman nə başa düşürsünüz?

– Mən sizə bir söz deyim. Vətəndaş dedikdə elə hamımız vətəndaşıq. Vətən bizim torpağımız, daş da mənim aləmimdə bizik. Hər birimiz bu Vətənin daşıyıq və hər birimiz də daşı daş üstə yığıb qaya əmələ gətiririk. Biz vətəndaşıq və Vətən deyiləndə ağrı nədir? Təbii ki, tarixə nəzər salsaq torpağımızın nə qədər bölündüyünün şahidiyik. Bizi Qarabağ və bir az da geriyə getsək Ermənistan mövzusu hər zaman narahat edirdi və qəlbimizdə də bir iz qoyurdu. Lakin, şükürlər olsun ki, demək olar ki, problemimizin çox çox hissəsi Prezidentimiz tərəfindən həll olunub. Artıq biz sevinməliyik, çünki, demək olar ki, torpağlarımız bizdədir. İnşallah, daha da böyük  qalibiyyətlər olar.

-Dahi şairimiz Səməd Vurğunun şerində belə bir söz var: “Duysun ana torpaq, eşitsin Vətən. Müsəlləh əsgərəm mən də bu gündən”. Ali Baş Komandan yeni bir əmr versə ki yolumuz Zəngəzura və İrəvanadır. O, zaman əlinizə silah alıb torpağınız uğrunda döyüşməyə hazırsınızmı?

– Mən bu yaxınlarda internetdə belə bir xəbər oxudum ki, yeganə ölkə Azərbaycandır ki, ən vətənpərvər xalqdır.Hər kəs, qadınlı, kişili, uşaqlı yola düşməsi, Qarabağa tərəf yürüş etməyi bu artıq böyük bir şey deyir. Mən də bu Vətənin bir daşıyam deyə Vətənim üçün canımdan keçməyə də hazıram.

 

Nəzərinizə çatdırım ki, Müşfiq bəy evlidir, 2 övladı var. Qərara aldım ki, son sualımı övladları barəsində verim.

-Övladlarınıza vətənpərvərliyi necə aşılayırsız?

– Mənim iki oğlum var. Hər ikisi də vətənpərvər ruhda yetişiblər və Vətənlərini də sevirlər.

 

-Müşfiq müəllim, sonda ənənəvi sualımı verim.Hansı sualımızı bəyəndiniz?

– Demək olar ki, bütün suallarınızı bəyəndim.

Müşfiq müəllim sizə bu cür səmimi söhbətə görə minnətdəram.

Sonda isə oxucularımıza onu demək istərdik ki, evinizə və ya gedəcəyiniz yerə güvənli getmək istəyirsinizsə avtomobilinizi “Güvən Moto”dan əldə edib güvənli olun.

Hazırladı: Ənvər Məmmədov