Yeni WordPress Saytı

QHT-lər gəncliyin planlı şəkildə “zombi”ləşdirilməsinə qarşı ümummilli mübarizəyə çağırır

Son vaxtlar ölkədə narkotik maddələrin dövriyyəsinin artması olduqca ciddi problemə çevrilməyə başlayıb. Xüsusilə də, “patı”, “şüşə” və s. adlarla məlum olan sintetik narkotik maddənin istifadəçilərdə necə dəhşətli psixoloji dəyişikliklərə səbəb olduğu artıq məlumdur. Bəzi araşdırmalara görə, bu narkotik maddənin təsiri insanın əqli funksiyalardan məhrum edərək, zombiyə çevirə biləcək qədər güclüdür.
Narkotik maddələrin dövriyyəsi ilə bağlı ölkədə artıq elə bir vəziyyət yaranıb ki, bu bəlanın öhdəsindən yalnız ümummilli mübarizə elan etməklə gəlmək olar. Narkotik tacirlərinin olduqca arxayın davrandıqları da diqqətdən yayınmır. Hətta sosial şəbəkələrdə online narkoticarət qurmaqdan belə, çəkinmirlər.
Azərbaycan hüquq-mühafizə orqanları gec də olsa, bu ümummilli təhlükə mənbəyinə qarşı mübarizəyə başlayıblar. Ancaq müşahidələr onu göstərir ki, bu mübarizənin əhatə dairəsi, intensivlik səviyyəsi yetərli olmuya bilər.
Ona görə də, bütün Azərbaycan cəmiyyətinə müraciət etməyi özümüzə borc bilirik. Narkotik ticarətinə qarşı ümummilli mübarizənin elan edilməsinin əsl vaxtıdır. Yoxsa, sonra gec qalmış da ola bilərik.
Azərbaycan vətəndaşları olaraq, hərbi zəfər qazanmış bir xalqın gənc nəslinin narkotik vasitələr ilə hədəfə alınmasına göz yuma bilmərik. Azərbaycanın və ölkənin gələcəyi olan gənc nəslin planlı şəkildə narkotik maddələrin qurbanına çevirmək cəhdlərinə birgə müqavimət göstərməyə çağırırıq.
Azərbaycanı savaş meydanında məğlub edə bilmədilər. Ona görə də, indi bu ölkəni daxildən, həm də gənc nəsil üzərindən tədricən “vurmağa” çalışırlar. Xalqımızın və dövlətimizin gələcəyini təhdid edirlər.
Ona görə də, Azərbaycan xalqını “narkotik işğalı”na qarşı birgə mübarizəyə çağırırıq. Hər bir valideyn öz övladına nəzarəti artırmalıdır, onun narkotacirlırin qurbanına çevrilməsinin qarşısını almalıdır. Hər bir vətəndaş narkoticarət barədə məlumata malik olarkən, onu heç bir halda, gizlətməməlidir, dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir.
Əgər, bu gün gənc nəslin “zombiləşdirilməsinə” göz yumarsaq, sabah “zombilər ölkəsi”ndə yaşamaq taleyi ilə barışmalı olacağıq.
Elman Cəfərli
Yaşıl Dünya Ekoloji Maarifləndirmə Birliyi,
Fuad Hüseynzadə
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatı,
Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyi,
Elçin Xalidbəyli
“Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi,
Dəyanət Osmanlı
Türk Dünyası İnfo təşkilatı,
Aqil Eyvazov
İqtisadiyyat və Hüquq təşkilatı
Bəxtiyar Həsənov
Sosial İnkişafa Dəstək təşkilatı,
Namiq Sərdarlı
Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyi,
Eldəniz Salmanov
Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti,
Zaur Orucov
Zərərli vərdişlərə qarşı mübarizə İctimai Birliyi