Yeni WordPress Saytı

QHT-lər ATƏT-in Minsk Qrupunun ləğv olunmasına çağırış ediblər

Azərbaycan 30 il Ermənistanın işğalı altında olmuş, bu ölkənin vandalları tərəfindən dağıdılmış ərazilərdə böyük quruculuq işləri aparır. Eyni zamanda, vaxtaşırı bu quruculuq işlərinin nəticələrini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
Ancaq qəribə də olsa, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə qazandığı önəmli quruculuq nailiyyətləri indiyə qədər yalnız ABŞ, Fransa və Rusiya tərəfindən laqeyd qarşılanmaqdadır. Halbuki, hər üç ölkə ATƏT-in Minsk Qrupunun həmsədri olduğundan ermənilərin 30 il ərzində dağıtdığı, Azərbaycanın isə işğaldan azad edib, yenidən qurub, həyat verdiyi bölgədə baş verənlər ilk növbədə məhz ABŞ, Fransa və Rusiyanı maraqlandırmalı idi.
Son baş verənlərdən isə belə anlaşılır ki, həmsədr ölkələr – ABŞ, Fransa və Rusiya Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən, bölgədə böyük quruculuq işləri aparmasından qətiyyən məmnun deyillər. ABŞ, Fransa və Rusiyanın ölkəmizdəki səfirlərinin Şuşaya səfərdən imtina etmələrinin səbəbini anlamaq üçün başqa izah tapmaq çox çətindir.
Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin niyə 30 il ərzində həll edilmədən dondurulmuş vəziyyətdə qalmasının səbəbi də indi daha çox aydın olur. Minsk Qrupu həmsədrləri bu münaqişənin həll edilmədən qalmasında maraqlı olublar. Ona görə də, bir qayda olaraq, işğalçı tərəfi – Ermənistanı dəstəkləyiblər.
Azərbaycanın ordusu həmsədrlərin 30 il ərzində hərbi həllinin olmadığını iddia etdikləri münaqişəni cəmisi 44 gün ərzində həll etdikdən sonra həmsədrlərin davranışları Minsk Qrupunun zərərli pozuculuq fəaliyyətini tam çılpaqlığı ilə açığa çıxartdı. ABŞ, Fransa və Rusiyanın savaşda biabırçı şəkildə məğlub olan işğalçı Ermənistana dəstək olmaq üçün bütün imkanlardan istifadə etməyə çalışdıqları inkaredilməz reallıqdır. Əslində, həmsədrlər öz ermənipərəst mövqelərini gizlətməyə ehtiyac belə, duymurlar.
Ona görə də, hesab edirik ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti nəinki faydasızdır, əksinə, olduqca zərərlidir. Bu qurumun rəsmən ləğv edilməsinin vaxtı çatıb, hətta gecikir.
Biz Azərbaycan cəmiyyətinə, eləcə də, hökümətinə öz vasitəçilik missiyasını Ermənistana dəstək mexanizminə çevirmiş Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə son verilməsi üçün prinsipial addımların atılmasına çağırırıq. Ümid edirik ki, Azərbaycana 30 il ərzində ağır zərbələr vurmuş bu qurumun yaxın vaxtlarda ləğv olunması reallığa çevriləcək.
Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyi,
Elman Cəfərli
Yaşıl Dünya Ekoloji Maarifləndirmə Birliyi,
Fuad Hüseynzadə
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatı,
Elçin Xalidbəyli
Müstəqil Media Mərkəzi təşkilatı,
Bəxtiyar Həsənov
Sosial İnkişafa Dəstək təşkilatı,