Yeni WordPress Saytı

Pakistanlı jurnalist: “Ermənistanın Qarabağda hərbi cinayətlər törətməsini pisləyirəm”

Zaman Bajwa: “Biz Bakı və İslamabad mətbuat klublarının iş münasibətlərini qura bilərik”

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi könüllü olaraq “Azərbaycanın əcnəbi dostları” layihəsini davam etdirir. Növəti müsahibimiz pakistanlı jurnalist Zaman Bajwadır. Qeyd edək ki, Zaman Bajwa insan haqları, münaqişələrin həlli və gənclərin təbliğat layihələri sahəsində yeddi illik təcrübəyə malikdir. 2015-ci ildən jurnalist olaraq çalışır. Hal-hazırda gündəlik “Daily parliament times” qəzetində və iki ayda bir dəfə dərc olunan “Bimonthly” diplomatik jurnalında işləyir. O, əsasən Mərkəzi Asiyada baş verənlər, diplomatik inkişaf və münaqişələr haqqında məqalələr yazır. Dəfələrlə Azərbaycanda olan Zaman Bajwa daimi olaraq Qarabağda baş verənlərlə bağlı Pakistan və digər ölkələrin mediasında məqalələrlə çıxış edir. Dost həmkarımız Pakistan mətbuatında Azərbaycan həqiqətlərinin obyektiv şəkildə işıqlandırılmasına, eləcə də Azərbaycan və Pakistan KİV-ləri arasındakı əlaqələrin gücləndirilməsində verdiyi töhfələrə görə bu il Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Zaman Bajwa bildirib ki, Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq gündən-günə inkişaf edir: “Azərbaycan Pakistan xalqı üçün çox əziz olan ölkələr sırasındadır. Sevinc və kədərimizi paylaşırıq. Son illər bu münasibətlər böyük güc qazanmışdır. Hər iki ölkənin çox güclü strateji, iqtisadi və diplomatik münasibətləri vardır. Qarabağ müharibəsi zamanı Pakistan bütün beynəlxalq forumlarda Azərbaycanın mövqeyini tam dəstəkləyən ölkələr sırasında idi. Azərbaycan İƏT-in Kəşmir üzrə əlaqə qrupunun üzvüdür və Kəşmirdəki münaqişə ilə əlaqədar Pakistana diplomatik dəstək verir. Zəruri olan insanlar arasında əlaqələri və hər iki ölkə arasında iqtisadi münasibətləri daha da genişləndirməkdir. Peşəkarların, o cümlədən gənclərin iştirakı ilə müsbət dəyişikliklər əldə etmək olar. Mən qələmimdən, sosial media və digər bütün mövcud platformalarımdan istifadə edərək bu işə töhfə verə bilərəm. Çox tezliklə, Pakistandan Bakıya birbaşa reyslər açılacaq, bu da hər iki ölkədə turizmin inkişafına kömək edəcəkdir”.

O deyir ki, jurnalist olaraq Azərbaycan KİV-ləri ilə çox yaxşı münasibətləri var: “Azərbaycanda çoxlu jurnalist tanışlarım var. Mən Azərbaycan və xarici KİV-lərində Qarabağ münaqişəsi haqqında çoxlu məqalələr yazmışam. Mən, həmçinin, azərbaycanlı dost-jurnalistlərə Pakistan KİV-lərində də öz əhatə dairəsini genişləndirməyə kömək edirəm. Azərbaycan mənim üçün çox əzizdir və bizim çox sıx iş münasibətlərimiz var. Ona görə də Azərbaycana aid hər hansı məqalənin Pakistan mediasında nəşrinə nə vaxtsa mənim yardımım lazım olsa, biz bu məsələdə əməkdaşlıq edə bilərik.

Hər iki ölkədə ortaq cəhətlərimiz çoxdur. Pakistanın milli dili Urduca Azərbaycan dilindən çox söz var. Hər iki ölkənin insanları bir-birini sevir və hörmət edirlər. İnsanları bir-birinə yaxınlaşdırmaq üçün üzərində işləyə biləcəyimiz bir çox şey var və media bunlardan biridir. Biz jurnalist işçi qrupu yarada bilərik, yaxud hər iki ölkədən olan jurnalistlər bir-biri ilə əməkdaşlıq edə biləcək bir forum yarada bilərik. Biz Bakı və İslamabad mətbuat klublarının iş münasibətlərini qura bilərik. Jurnalistlərin Bakıya və İslamabada səfəri təşkil edilə bilər”.

Zaman Bajwa Ermənistan ordusunun Qarabağda törətdikləri vandalizmi pisləyib: “Hüquq müdafiəçisi olaraq insanlığı dəstəkləyirəm. Ermənistan Qarabağda hərbi cinayətlər törətmişdir və mən bunu pisləyirəm. Bu əməlləri törətmiş təqsirkarlar qanunla məsuliyyətə cəlb olunmalı və ədalət mühakiməsi qurbanlara və onların ailələrinə münasibətdə həyata keçirilməlidir. Bu barədə həqiqətləri yazmaqda çox maraqlıyam. Mənim 20 Yanvar və Xocalı soyqırımı haqqında yazılarım olub. Vaxtaşırı bu məsələlərlə bağlı araşdırmalar aparıram və bu barədə yazıram. Mən həm İndoneziyada Xocalı soyqırımı haqqında, həm də Pakistanda bu münaqişə ilə bağlı bəzi hadisələr haqqında məlumatlandırma kampaniyası keçirmişəm”.

 

DFJD-nın Mətbuat xidməti