Yeni WordPress Saytı

Dünya azərbaycanlıları “Nizami Gəncəvi və ümumbəşəri dəyərlər” beynəlxalq konfransına hazırlaşır

Azərbaycan Vətəndaş Hərəkatının (AVH) Diaspor Əməkdaşlıq Mərkəzinin (DƏM) növbəti toplantısı keçirilib. Toplantıda Türkiyə, Ukrayna, Gürcüstan, Rusiyadan diaspor təşkilatı sədrləri, fəal azərbaycanlı ziyalılar, soydaşlarımız qatılıblar.
Toplantıda Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfransın hazırlıqları müzakirə edilib.
Tədbirdə AVH-nin icraçı direktoru Mübariz Göyüşlü, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə, AVH İdarə Heyətinin üzvləri, AMEA Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov və təhsil eksperti Aydın Allahverdiyev, Rusiyadan (Moskva vilayətindən) Nicat İlyas, Ukrayna Azərbaycanlıları Radasının Dnepr təşkilatının sədri Eldar Tağıyev, AVH Məclis üzvü, dosent Mübariz Ağalarlı, Türkiyədən – Antalya Azərbaycan Kültür və Həmrəylik Təşkilatının sədri Ceyran Səttarova, İstanbul Azərbaycan Dostluq Dərnəyinin qurucu başqanı Xuraman Hülya Agasoy, Bursadan Azərbaycan Deyilincə Dərnəyinin başqanı Hüseyin Vəliyev, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin təmsilçisi Hacı Bəkiroğlu iştirak və çıxış ediblər.
Qərara alınıb ki, “Nizami Gəncəvi və ümumbəşəri dəyərlər” adlı beynəlxalq elmi-ictimai konfrans 2021-ci ilin oktyabr ayında təşkil olunsun. Konfransa bir neçə ölkədən azərbaycanlıların, o cümlədən əcnəbi Nizamişünasların məruzə, məqalə ilə qatılması razılaşdırılıb.
Mərkəz AVH-nin İdarə Heyətinin qərarı ilə 20 dekabr 2020-ci ildə “Azərbaycan diasporunun bu günü və sabahı” mövzusunda keçirilən beynəlxalq konfransın sonunda alınmış qərarla yaradılıb. DƏM-in yaradılmasında məqsəd Hərəkatın əsas fəaliyyət istiqamətlərindən biri olan diasporla bağlı xaricdə yaşayan soydaşlarımızın çalışmalarını bir-birilə və AVH ilə əlaqələndirməkdir.