Yeni WordPress Saytı

Azərbaycan polisinin qazandığı təcrübə, əldə etdiyi nailiyyətlər

General-polkovnik Vilayət Eyvazov: “Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalıdır”

Azərbaycan polisinin 100 ildən artıq yaşı var. Ulu öndər Heydər Əliyevin 1998-ci il iyul fərmanı ilə hər il iyulun 2-si Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.

Azərbaycan polisi bu illər ərzində uzun və şərəfli inkişaf yolu keçib. Polis istər cümhuriyyət, istər sovet dönəmində, istərsə də müstəqillik illərində zəngin təcrübə qazanıb, uğurlar əldə edib. Hazırda Azərbaycan polisi zəngin təcrübəyə, peşəkar və vətənpərvər kadrlara, eyni zamanda müasir texnologiyalara sahibdir ki, bütün bu faktorlar cinayətkarlıqla mübarizədə mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra – 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılıb. Daxili İşlər Nazirliyi (DİN) cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin dəyərli yadigarlarından biridir. Qurumun ilk təsisatları Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 iyul 1918-ci il tarixli qərarı ilə asayişi mühafizə dəstələri kimi yaradılıb. Kifayət qədər gərgin tarixi şəraitdə həmin dəstələr müstəqil dövlətin təşəkkül tapmasında, ölkənin milli maraqlarının qorunmasında, yenicə elan edilmiş cümhuriyyəti sarsıtmağa çalışan terrorçu qruplara, o cümlədən erməni daşnaklarına qarşı mübarizədə özünəməxsus rol oynayıb.

Amma Azərbaycan polisinin tarixi daha qədimlərə gedib çıxır. İlk uyezd polis idarələrinin əsası 1840-cı ildə qoyulub. Həmin idarələr ilk vaxtlar Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Quba, Şuşa və digər bölgələrdə fəaliyyət göstərməklə tədricən ölkə ərazisini bütövlükdə əhatə edib. O vaxt polis idarələri quberniya rəhbərliyinə tabe olub. O dövrün polisi xırda cinayət hadisələrinə baxmaqla məhkəmə funksiyalarını da yerinə yetirib.

Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra – 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri və daxili işlər naziri vəzifəsini Fətəli xan Xoyski tutub. Fətəli xan Xoyskidən sonrakı daxili işlər nazirləri Cavanşir Behbudov, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Məmmədhəsən Hacınski və Mustafabəy Vəkilov olub.

1920-ci ilin aprelində bolşevik Rusiyası XI Qızıl Ordunun vasitəsilə Azərbaycanı işğal edib. Sovet Azərbaycanının ilk daxili işlər naziri isə Həmid Sultanov olub. Polisin adı da dəyişdirilərək milis adlandırılıb.

Pristavlar işdən çıxarılıb, onların yerlərinə komissarlar təyin olunub.

 

Zəngin təcrübə

 

AXC-nin süqutundan sonra qurulan Sovet hakimiyyəti illərində də polis inkişaf yolu keçib və zəngin təcrübə qazanıb. Cümhuriyyətin süqutundan sonra başlanan 70 illik sovet dövründə bir çox dövlət təsisatları kimi, Azərbaycan daxili işlər orqanlarının fəaliyyəti də millilikdən daha çox sinfi səciyyə daşısa da, o illərdə fəaliyyət göstərmiş sovet milisinin timsalında bu orqanların cinayətkarlığa qarşı mübarizə sahəsində qazandığı zəngin təcrübə, yüksək bilik və peşəkarlıq, təşkilati uğurlar da tarixi obyektivlik naminə həmişə etiraf olunmalıdır.

Onu da əlavə edək ki, AXC dövründə polis sistemində çalışan bir çox milli kadrlar sovet hakimiyyəti illərində milisdə də fəaliyyətlərini davam etdiriblər.

1922-ci ildə 70 qəza milis rəisindən 93 faizinin orta təhsili də olmayıb. Şəxsi heyətin 75 faizi tam savadsız olub. O vaxtdan indiyədək Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsini 20 nəfər tutub.

Hüquq-mühafizə orqanlarının, o cümlədən də DİN və onun strukturlarının fəaliyyəti ilə bağlı xüsusi olaraq tənqid olunan mərhələ 1937-1938-ci illərin repressiya dövrüdür. Həqiqətən, o illərdə bu orqanlarda işləyənlərin əksəriyyətinin günahı üzündən yox, o dövrdə aparılan dövlət siyasəti, o dövrün ideoloji prinsipləri nəticəsində insanlar günahsız qurban olublar, repressiyaya məruz qalıblar. On minlərlə insan, onların ailə üzvləri həbslər, repressiya nəticəsində, əsassız ittihamlar nəticəsində böyük məhrumiyyətlərə uğrayıblar.

O da faktdır ki, 1920 – 1940-cı illərdə milisin 500-ə qədər əməkdaşı cinayətkarlığa qarşı mübarizədə həlak olub, 1937-39-cu illərdə isə onun yalnız rəhbər heyətindən, təxminən 320 nəfər repressiyaya məruz qalıb.

 

İkinci Dünya müharibəsi illəri

 

Azərbaycan polisi İkinci Dünya müharibəsi zamanı da öz sözünü deyib. Cəbhəyə yollanan polis əməkdaşları qəhrəmanlıqları ilə fərqləniblər.

1941 – 1945-ci illər müharibəsində 800 nəfərə yaxın milis əməkdaşı cəbhəyə yollanıb, onların böyük əksəriyyəti geri dönməyib. Müharibədən sonrakı illərdə milisdə çalışan İsrafil Məmmədov, polkovnik Mehdi Quliyev, generallar Xəlil Məmmədov və Səlahəddin Kazımov isə cəbhədən Sovet İttifaqı qəhrəmanları kimi qayıdıblar.

Onların minlərlə həmkarı isə yetərincə çətin və mürəkkəb şəraitdə respublikada ictimai asayişin mühafizəsi, arxa cəbhədə əzmlə çalışan insanların təhlükəsizliyinin qorunması üçün böyük şücaət göstəriblər. O illərdə yüzlərlə milis işçisinin orden və medallarla, müxtəlif yüksək dövlət mükafatları ilə təltif olunması Azərbaycan milisinin İkinci Dünya müharibəsi zamanı göstərdiyi fədakarlıqlara verilən qiymətin ifadəsi idi.

Asayiş keşikçiləri müharibədən sonrakı illərdə də cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində səylərini əsirgəməyib, üzərlərinə düşən vəzifələri yüksək qətiyyətlə, layiqincə yerinə yetirməyə çalışıblar.

 

Milliləşdirmə siyasəti

 

Məlumdur ki, sovet dönəmində Azərbaycanın hüquq mühafizə orqanlarında qeyri-azərbaycanlılar çox olub və yüksək postlarda dominantlıq təşkil ediblər. Buna görə də o zaman bütün sahələrdə olduğu kimi, hüquq mühafizə orqanları, o cümlədən daxili işlər orqanlarında da milliləşdirmə, milli kadrların hazırlanması, irəli çəkilməsi və yüksək postlara gətirilməsi çox ciddi əhəmiyyət kəsb edirdi.

Bu proses 1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə birinci dəfə gəlişindən sonra başlayıb. Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi təyin olunana qədər respublikanın bütün digər sahələrində olduğu kimi, hüquq-mühafizə orqanları sistemində və eləcə də beynəlxalq təcrübəyə, həm də dünya standartlarına cavab verən hüquqşünasların hazırlanması istiqamətində nəinki heç bir əməli addım atılmamışdı, bu barədə heç düşünülməmişdi. Heydər Əliyev ölkədə və eləcə də xaricdə təhsil alan, sözün həqiqi mənasında, savadlı milli hüquqşünas kadrların hazırlığına diqqəti artırdı. Respublikada kadr potensialının gücləndirilməsi məqsədilə atılan addımlar bir neçə ildən sonra öz bəhrəsini verdi. 1973-cü ildə isə şəxsi prinsipiallığı və əzmkarlığı ilə İttifaq hökumətinə təsir edərək Bakıda Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olan milli lider Heydər Əliyev bu sahədə, demək olar ki, ən böyük fundamental təhsil kompleksinin əsasını qoydu. 1921-ci ilin sentyabrın 28-də Bakı Milis Məktəbi kimi təsis edilən, 1957-ci il fevralın 23-də Bakı Xüsusi Orta Milis Məktəbi kimi fəaliyyətini davam etdirən bu təhsil müəssisəsinin bazasında 1992-ci il mayın 23-də Azərbaycan Polis Akademiyası yaradıldı. Bu ali təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksək peşəkar milli polis kadrlarının hazırlanması istiqamətində əldə edilən nailiyyətlər ümummilli lider Heydər Əliyevin Azərbaycan polisinin inkişafından ötrü atdığı ən böyük addımlardan biri idi.

Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu sahədə baş verən dəyişiklikləri Daxili İşlər Nazirliyinə dövlət qayğısının gücləndirilməsi, daxili işlər orqanlarının sıralarının saflaşdırılması, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsi, onların peşəkarlığının yüksəldilməsi və s. mühüm amillərlə səciyyələndirmək olar. Milis əməkdaşlarının vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsi işinin diqqətdə saxlanması bu amillər sırasında, xüsusilə aparıcı mövqeyə malik idi və tam qətiyyətlə söyləmək olar ki, Azərbaycan daxili işlər orqanlarında mahiyyətcə milliləşmə prosesi məhz o illərdə başlanmışdı.

1988-ci ildə müasir silah və texnika ilə təchiz edilmiş erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü zamanı ilk olaraq Vətənin müdafiəsinə qalxan və uzun müddət rəşadətlə vuruşan yeganə nizami qüvvənin məhz milislərdən, sonrakı illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşun hissələrindən ibarət olması Heydər Əliyevin hələ ötən əsrin 60-70-ci illərində şəxsi heyətə verdiyi milli dövlətçilik tərbiyəsinin nəticəsi idi.

Polisin keçdiyi şərəfli, ziddiyyətli və tarixi yol haqqında ümummilli lider Heydər Əliyev deyirdi: “Bu tarixi dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, itkiləri də, uğurları da, səhvləri də olub. Bu tarixin çox parlaq səhifələri də, ancaq ləkəli, qara səhifələri də vardır. Amma bunların hamısı bizimdir, Azərbaycanındır, xalqındır. Bu bizim xalqın tarixinin səhifələridir”.

 

Ən mühüm mərhələ

 

Prezident İlham Əliyev də polisə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı polisin fəaliyyətini yüksək qiymətləndirir və bunu polislə bağlı çıxışlarında vurğulayır. Dövlət başçısı çıxışlarının birində deyib: “Azərbaycan polisinin çox böyük və şərəfli yolu var. Bu yol Azərbaycan dövlətçiliyinin yoludur… Bu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir, Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanmasında çox önəmli rol oynayır”.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bildirib ki, demokratik dövlət quruculuğu yolunda irəliləyən Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalı, hər zaman xidməti borca və anda sadiq qalmalı, öz üzərində işləməli, təcrübəli həmkarlarından öyrənməli, nəzəri biliklərini, peşəkarlığını durmadan artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır. General-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, şəxsi heyət bundan sonra da xalqımızın asayişinin, təhlükəsiz həyatının etibarlı qorunması işinə layiqli töhfələr verəсək, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirəсək, vətəndaşların əmin-amanlığını və qanunçuluğu etibarlı qoruyacaq.

​Azərbaycan polisi pandemiya və Vətən müharibəsi günlərində də öz vəzifəsini ləyaqətlə yerinə yetirdi. Xüsusən koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar karantin rejimi günlərində Azərbaycan polisinin də üzərinə məsuliyyət düşdü. Polislərimiz bu günlərdə gücləndirilmiş iş rejimində çalışdılar. Karantin rejiminin sərtləşdirilməsi və həftəsonu günləri üçün tətbiq olunan məhdudiyyətlərlə əlaqədar Azərbaycan polis yenə də güclədirilmiş rejimdə öz işini davam etdirdi. Hər bir polis əməkdaşı qanun çərçivəsində hərəkət edərək insanların köməyinə çatıb, onların həyati problemlərinin həllinə yardımçı olublar. Bütün bunlar da ictimaiyyət  tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb.

 

 

Fuad Hüseynzadə

Vetenqehremanlari.az