Yeni WordPress Saytı

“Vətən yolunda yaralanıb qazi olmaq şərəfdir”

Xəqani Muradov: “Əsgərlərimiz hər torpaqlarımız işğaldan azad olunduqca daha da həvəslənirdilər”

 

44 günlük Vətən müharibəsində Azərbaycanın Milli Orudusu bir daha öz gücünü nümayiş etdirdi. Zabit və əsgər heyəti var gücü ilə vətənpərvərcəsinə döyüşərək erməni yağıları üzərində zəfər qazandı. Vətən müharibəsindəki zəfərdə qazi Xəqani Muradovun da rolu olub.

Xatırladaq ki, Muradov Xəqani Asim oğlu 30.04.2001-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. Bakı şəhəri Binəqədi rayonunun Sulutəpə qəsəbəsindəki 217 saylı tam orta məktəbdə təhsil alıb. 30.04.2019-cu ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində hərbi xidmətə başlayıb. 2020-ci ilin 27 sentyabrından Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlər qatılıb. Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut, Qubadlı döyüşlərində iştirak edib. Oktyabrın 21-də Qubadlı rayonunda düşmən tərəfindən sol ayağından snayperlə yaralanıb. Düşmənə əsir düşməmək üçün özünü uca dağ zirvəsindən aşağı atıb. Sonradan döyüş yoldaşları ona ilkin tibbi yardım göstərib hospitala göndəriblər. Hazırda III qrup əlildir. Sol ayağında problem var deyə iki əsa ilə yeriyir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyev tərəfindən “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Qazimiz Xəqani Muradovla görüşdə döyüş yolu haqda danışdı. O bildirdi ki, əsgərlərimizin döyüş əhvali-ruhiyyəsi çox yüksək səviyyədə idi: “Əsgərlərimizin döyüşdə əhvali-ruhiyyəsi çox yaxşı idi. Hətta əsgərlərimiz hər torpaqlarımız işğaldan azad olunduqca daha da həvəslənirdilər. Amalımız torpaqlarımızdan düşmənləri qovmaq idi. Düzdür, şəhidlərimiz, yaralılarımız oldu. Allah şəhidlərimizə rəhmət etsin, yaralılarımıza cansağlığı versin. Təki Vətən sağ olsun. Vətən yolunda ölmək də, yaralanıb qazi olmaq da şərəfdir.

Düşmən məni snayperlə sol ayağımdan vurdu. Yaralandığım vaxt baş leytenant Musayev Zeynalabdin, kiçik gizirlər Əhmədov Nəriman, Ağazadə Fərid, Dadaşov Elgün mənim həyatımı xilas etdilər. Onların hər biri müharibənin son gününə kimi döyüşdülər. Çox şükür ki, hər biri sağdır. Onların hər birinə öz təşəkkürümü bildirirəm”.

Xəqani Muradov qələbə çalınan gün hospitalda müalicə alırmış: “Qələbə xəbərini DSX-nin hərbi hospitalinda eşitdim və sevincimin həddi-hüdudu yox idi. Vətən müharibəsində Prezident İlham Əliyevin bir daha əzm və siyasi iradəsinin şahdi olduq. Ali Baş Komandan olaraq onun əmri ilə döyüşlərə atıldıq. Şəhid və qazilərə göstərdiyi diqqət görə Prezident İlham Əliyevə təşəkkür edirəm.

Mən bu gün DSX əsgəri olaraq Vətən müharibəsi qazisi olmaqdan qürur duyuram. DSX rəisi general-polkovnik Elçin Quliyevə özümün və ailəm adından dərin minnətdarlığımı bildirirəm. Cənab generalımız mənə qayğı ilə yanaşaraq müailcəmlə maraqlanıb, maddi və mənəvi dəstək olub”.

Vetenqehremanlari.az