Yeni WordPress Saytı

Azərbaycan elminə ağır itki üz verib  

O, dostları arasında “Tədris sahəsinin atası” adlandırılmışdı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehdizadə Nizam Mirxas oğlu dünyasını dəyişib.

Alimlə iyunun 24-də vida mərasimi keçirilib və o, Biləsuvarın Yuxarı Cürəli kəndində torpağa tapşırılıb.

Xatırladaq Nizam Mehdizadə 1949-cu ildə yanvarın 14-də Lerik rayonunda anadan olmuşdur. ADPU-nın Biologiya fakültəsini bitirmişdir. Elə pedaqoji fəaliyyətinin əsası ADPU ilə bağlı olmuşdur. Belə ki, ADPU-da laboratoriya müdiri, baş müəllim, Kimya-biologiya faülktəsinin dekan müavini, dekanı, 2017-ci ildən “İnsan anatomiyası və tibbi biliklər” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Çoxsaylı məqalə, monoqorafiya və dərsliklərin müəllifi idi.

Biologiya fənni üzrə Respublika Olimpiadasında məsul katib, sədr müavini (1996-2015) və Beynəlxalq Biologiya Olimpiadasında Azərbaycan Respublikasının komanda rəhbəri kimi ölkəni təmsil etmiş və 6-cı Beynəlxalq Biologiya Olimpiadasının “Sertifikatı”nı almışdır.

AMEA-nın Fiziologiya İnstitutunun nəzdində AAK-nın “İnsan və heyvan fiziologiyası” və “Biokimya, Molekulyar biologiya” ixtisasları üzrə müdafiə şurasının üzvü olmuşdur (2012-2021).

Təhsil sahəsində xidmətlərinə görə 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

 

Nizamsız qalan dünya…

Qocaman alimin vəfatı ailəsi və yaxınları ilə bərabər, ADPU rəhbərliyi, elmi-pedaqoji və tələbə heyətini də dərindən sarsıdıb. Dostları və həmkarları adından ADPU-nın Analitik və üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru Əli Zalov dərin hüznlə başsağlığı verib və kədərini bölüşüb: “İnsan və heyvan fiziologiyası” kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehdizadə Nizam Mirxas oğlu ilə birlikdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsində uzun müddət işləmişdik. ADPU-nun Biologiya fakültəsində dekan müavini işlədiyi zaman (2006-2016) dostları arasında “Tədris sahəsinin atası” adlandırılmışdı. Münasibətlərdə həmişə ölçü-biçini dəqiq gözləyirdi. Heç vaxt kimsənin xətrinə dəyməzdi. Həmişə insanlığı hər şeydən uca tutardı.

Nizam müəllim daim insanlıq yolunda düz olurdu, Allaha dualar edirdi. Həmişə dostları ilə görüşəndə deyirdi ki, əgər insan inanaraq Allaha dua edərsə onun qəlbi daim işıqlı olar. Mənəvi təmizlik və səbr Allahın sevdiyi keyfiyyətlərdir. Belə insanlar ALLAHA çox yaxın olurlar.  …Həmişə Allaha şükür edirdi. … Həmişə məsləhət verirdi ki, heç vaxt dərdlərinizdən şikayətlənib Allaha asi olmayın. Sanmyın ki, dərd yalnız sizdə var. Sizdəki dərdi nemət sayanlar da var.  …İnsanlara xoş davranın. Ən uyğun davranış özünə necə davranılmasını istəyirsənsə, insanlarada elə davranmağındır…  Kədərlənməyin…  Bağlanan bütün qapılar bir gün xeyirə açılarlar, səbr edin, sonra baxın görün qapının arxasında nə var… İnsanlar çalışıb daxili aləmini gözəlləşdirb, Allaha yaxınlaşmalıdılar.  Xarici gözəllik ilk sözü deyir. Daxili gözəllik isə son sözü deyər…

Hamının – tələbələrin, həmkarlarının, dostlarının sevimlisi olan Nizam müəllim daim DÜNYANIN nizamda olmağına çalışırdı. İndi isə bu DÜNYA NİZAMSIZ qaldı. Əziz dost, Uca Allahdan sizə rəhmət diləyirəm”.

 

Vetenqehremanlari.az