Yeni WordPress Saytı

“Şeyx Əli Cümə işimə necə can yandırdığımı görüb dedi ki…”

Bu günlərdə sevindirici məlumat aldıq – “Vətənpərvər” Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin müşaviri seçilib. Əlbəttə, Seymur Nəsirovun simasında soydaşımızın belə bir beynəlxalq təşkilatda yüksək vəzifə tutması birmənalı şəkildə ölkəmiz və xalqımız üçün fəxrdir.

Maraqlıdır, uzun müddətdir Misirdə yaşayan və elmi sahədə böyük uğurlara imza atan, eləcə də yaratdığı diaspor təşkilatı ilə ölkəmizi layiqli təmsil edən Seymur Nəsirov sözügedən beynəlxalq təşkilatda yüksək posta necə seçilib? Təklif kimdən gəlib, namizədliyini kim verib? “Hafta.az”ın suallarına Seymur Nəsirov cavab verib:

– Mən 26 ildir Misirdəyəm və 19 ildir ki, bu ölkədə təhsil alan əcnəbi tələbələrə rəhbərlik edirəm. Yəni bu tələbələrə yaşamaları üçün evlərin tapılmasında, yemək-içmək məsələlərinin həllində əlimizdən gələn yardım edir, hətta bir çoxlarına təqaüd də ayırırıq. Bu cür tələbələr çoxdur, dəqiq desəm, təxminən, 50 ölkədən gəlmiş mindən çox tələbəyə rəhbərlik edirəm.

Əl-Əzhər Universitetində təhsil alan xarici tələbələrdən necə alim yetişdirmək olar mövzusunda proqramlar yazırdım. Nəzərə alaq ki, bu universitetdə, təxminən, 40 min əcnəbi tələbə təhsil alır. Onlardan maksimum 10 min nəfəri təqaüdlə təmin olunur və tələbə yurdunda qalır. Qalanları ya öz hesablarına tutduqları, ya da müxtəlif şirkətlərin, müəssisələrin təklif etdiyi evlərdə yaşayırlar. 2003-cü ildən tələbələrin qeyd etdiyim problemləri ilə məşğul olmaq üçün məni rəhbər təyin etdilər. Misirin keçmiş müftisi, parlamentin din və vəqflər komissiyasının sədri, professor Şeyx Əli Cümə işimə necə can yandırdığımı görüb dedi ki, nə çətinlik varsa, həll etmək üçün dəstək verməyə hazırdırlar. Mən də təklif etdim ki, tələbələrin yaşaması üçün bir bina azdır və onun dəstəyi ilə ikinci, üçüncü, dördüncü binaları təsis elədik…

– O vaxt bir humanitar fond yaratmışdınız – Halqa Fondu. Bu, tələbələrin rifahını yaxşılaşdırmaq, daha yaxşı təhsil almalarına kömək göstərmək məqsədi güdürdü…

– Həmin Halqa Fondu bu gün də Misirdə və dünyanın bir sıra ölkələrində çox məşhurdur. Heç bir reklam və s. maraq güdməyən Fond sırf ehtiyaclı tələbələrin yüksək təhsil almasına dəstək verir. Bu gün də 6 mindən çox tələbə Halqa Fondunda təhsil almaq üçün növbə gözləyir. Hazırda Fodun yetirmələri Amerikadan İndoneziyaya qədər dünyanın hər yerində yaşayır və işləyir, bir çoxları öz işlərini qurub. Onu da əlavə edim ki, bu nailiyyətimizi görən “Qavafil əl-Xeyr və əl-Əməl” Cəmiyyəti, eləcə də “Misr əl-Xeyr” Fondu məni dəvət edərək xarici tələbələr üzrə işə rəhbərlik vəzifəsini təklif etdilər. 2008-ci ildən “Qavafil əl-Xeyr və əl-Əməl” xeyriyyə cəmiyyətində və 2011-ci ildən “Misr əl-Xeyr” Fondunun xarici tələbələrin işi üzrə baş rəhbəriyəm.

2014-cü ildə təsis etdiyim diaspor mərkəzi və 2019-cü ildə təsis etdiyimiz Misir-Azərbaycan Dostluq Cəmiyyətində bu gün dünyanın 31 ölkəsindən 350-dən çox tələbə ödənişsiz təhsil alır. Uzun illər gördüyüm bu fəaliyyətlərin nəticəsi olaraq, bu gün Misir başda olmaqla, dünyanın əksər ölkələrində yaxın münasibətdə olduğum elm adamları var.

– Fətva Evləri Baş Katibliyinin yaranma zərurətindən söz açın, sizin namizədliyinizi kim təklif etmişdi?

– 2015-ci ildə İŞİD Yaxın Şərqə təhlükə saçdığı bir vaxtda, Misir Prezidenti Əbdulfəttah əl-Sisinin himayəsi ilə ölkədə din alimlərinin qatıldığı beynəlxalq konfrans keçirildi. Dünyanın hər yerindən nümayəndələrin qatıldığı həmin tədbirdə təklif edildi ki, mərkəzi ofisi Misirdə yerləşməklə Dünya Fətva Evləri və Heyətlərinin Baş Katibliyi təsis olunsun. O vaxt sözügedən konfransda Azərbaycan nümayəndələri – Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayevin rəhbərlik etdiyi nümayəndə də iştirak edirdi. Baş Katibliyin işi dünyanın bütün ölkələrində fəaliyyət göstərən müftilər, şeyxlər və dini xadimlərlə daim təmasda olaraq fikir mübadiləsi aparmaq, məsləhətləşməkdir. Fətva verərkən təhlil etmək, məsələni tam öyrənmək lazımdır. Məsələn, Misirdə oturub Azərbaycan üçün fətva vermək doğru olmaz. Yəni Azərbaycanı tam öyrənmədən, orada yaşayan insanların həyat tərzini, oradakı siyasi, iqtisadi və sair sahələrdə real durumu bilmədən bu addımı atmaq düzgün deyil, eləcə də başqa bir ölkə üçün. Fətva vermək məkan və zamana görə dəyişir. Baş Katiblik yaradılarkən ora kimlər təyin olunacaq məsələsi ortaya çıxanda, əlbəttə ki, Misirdə bütün bu potensialı özündə cəmləyən ən məşhur şəxslərdən biri, ölkənin baş müftisi, professor Şovqi Əlləm mənim namizədliyimi irəli sürdü. Daha sonra Baş katib doktor İbrahim Nəcm də mənimlə görüşdü, oturub bir sıra məsələlərə dair fikir mübadiləsi apardıq. Öz proqramımı təqdim etdim, xarici ölkələrdəki müftilər və dini sahədə məşhur olan alimlərlə əlaqə saxlamaq tapşırıldı və əlbəttə,  bu tapşırığı asanlıqla yerinə yetirdim. Bundan sonra maaş da təyin olundu, ofis də ayrıldı, vəsiqəmiz də verildi. Fətva Evləri Baş Katibliyi dünyanın harasında yerləşir-yerləşsin, hansı məzhəb olur-olsun, hamısı ilə işləyir, dini, elmi araşdırmalar, fikir mübadilələri aparır. Tutaq ki, Avropa ölkələrində Fətva evləri yoxdur, amma oradakı müsəlman əhali ilə məşğul olan icmalar, elmi mərkəzlər mövcuddur. Məqsədimiz onlarla birlikdə işləyərək radikalizm və islamafobiyanın bəşəriyyətə nə qədər ziyan vurduğunu insanlara təbliğ etməkdir.

– Misirdə Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyi barədə qısaca məlumat verərdiniz. 2015-ci ildə 21 ölkənin iştirakı ilə qurulduğu bəllidir. Maraqlıdır, həmin 21 ölkə hansılardır və niyə məhz 21 ölkə? Ümumiyyətlə, təşkilatın yaranması təşəbbüsü ilk olaraq kimdən gəlmişdi?

– Namizədliyimi Misir tərəfi verdi. Əsas təsisçi ölkələr Misirlə yanaşı, Səudiyyə Ərəbistanı, Livan, İordaniya, Fələstin, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Maldiv, Çad, Azərbaycan, Qazaxıstan, Uqanda, Çeçenistan, Konqo Demokratik Respublikası, Yunanıstan, Filippin, Avropa Birliyi adına Fransa, Seneqal, Omandır. Eyni zamanda, fərdi şəkildə islam alimləri də vardı konfransda, haradasa 100 nəfərədək.

– Bu gün 60-dan çox ölkə üzvdür Katibliyə Onların hamısı müsəlman ölkələridir, yoxsa başqa dinlərə məxsus dövlətlər də var? Ümumiyyətlə, təşkilat sırf İslamyönümlüdür, yoxsa qapısı bütün dinlərə açıqdır?

– Misir tolerant ölkədir. Burada hansı islami konfrans keçirilirsə, xristianlar da məmnuniyyətlə iştirak edirlər. Təşkilatımıza dünyanın hər yerindən, ancaq Fətva Evləri və heyətləri üzvdür. Qeyri-müsəlman ölkələrində Fətva Evləri olmadığı üçün oradakı müsəlmanları təmsil edən icmalar, qurumlar mövcuddur. Bu da onu göstərir ki, təşkilatda dolayısı Avropa ölkələri də təmsil olunur, Afrika və Asiya da. Qapımız açıqdır, gələcəkdə dünyanın istənilən ölkəsi təşkilata üzv ola bilər.

– Bilmək istərdik: bu təşkilat indiki çətin dünyada siyasi-ictimai məsələlərə yaxşı mənada təsir etmək imkanındadır, yoxsa sadəcə alimlərin toplanış məkanıdır? Əgər siyasi-ictimai məsələlərə münasibəti varsa, bir-iki misal çəkin lütfən…

– Təşkilat hələ yenidir, indi-indi nüfuz qazanır, dünyada tanınır və sair. Pandemiya dövründə bütün tədbirlərini onlayn formada keçirib, xəstəliklə bağlı səfərlər, görüşlər baş tutmayıb. Amma bu keçicidir. Təşkilatın heç bir ölkənin iç işlərinə müdaxilə etmək kimi niyyəti yoxdur. Əsas hədəf  islam alimlərini bir araya gətirərək insanlığa qulluq etməkdir. Təşkilatın bir qayəsi də radikalizmlə, islamofobiya ilə mübarizə aparmaqdır.

– Baş Katibliyin Qarabağ məsələsinə dair mövqeyi necə olub və bu gün Azərbaycanla əlaqələri varmı? Varsa hansı səviyyələrdə, kimlərlə, nə kimi işlər görülüb ölkəmizlə, yeni planlar varmı və sair?

– Təşkilatımızın Azərbaycanla sıx əlaqələri var. Bayaq dediyim kimi, Baş Katibliyin təsisçilərindən biri də məhz Azərbaycandır. Azərbaycan bütün konfranslarda fəal iştirak edir. İnşallah avqust ayında da dünyasəviyyəli konfrans keçiriləcək və Azərbaycan bu tədbirə ilk dəvət edilən ölkələrdəndir.

– Qərargah olaraq Qahirədə yerləşən təşkilatın başqa ölkələrdə şöbələri varmı və ya yoxdursa açılması planlaşdırılırmı? Əgər açılacaqsa, şöbələrdə hansı sahənin adamları oturacaq və onların seçilib təyin olunması prosesi necə aparılacaq?

– Düzdür, hazırda Baş Qərargah Qahirə şəhərindədir. Planda tutulub ki, yaxın gələcəkdə dünyanın müxtəlif ölkələrində təşkilatın filialı açılsın. Açılacaq yerli ofislərdə isə yaşadıqları ölkədə həm hökumət, həm də ictimaiyyət tərəfindən qəbul edilən insanlar çalışa biləcək. Yenə deyirəm, təşkilatımız hansısa ölkənin iç işlərinə qarışmaq kimi niyyət güdmür.