Yeni WordPress Saytı

Mina xəritəsinə qarşılıq 15 erməni qaytarıldı – sonrakı gedişat necə olacaq?

 

Müharibədən aylar keçməsindən sonra Ermənistan nəhayət ki, Ağdam rayonu üzrə mina xəritəsini təqdim etdi. On minlərlə mina basdırılmış xəritənin düşmən ölkədən alınması Azərbaycanın, prezident İlham Əliyevin diplomatik təzyiqlərinin nəticə verməsi deməkdir. Sözsüz ki, mina xəritəsinin verilməsi Ağdamda minalardan təmizlənmənin, daha sonra quruculuq və bərpa işlərinin sürətlənməsini təmin edəcək. Bununla yanaşı xəritə minadan zərər çəkə biləcək insan sayının, təlafatın azalması da deməkdir.

Baş verən son hadisə eyni zamanda “mina xəritələri yoxdur” deyə mövzudan yayınmağa çalışan Ermənistanın Azərbaycana və beynəlxalq aləmə söylədiyi növbəti yalanın ifşası, iradəsinin qırılmasıdır. Uzun sürən müzakirələrdən, çoxsaylı təzyiqlərdən, gərginlikdən sonra Azərbaycan bu nəticəyə nail ola bildi. Prosesin gərginliyini, vacibliyini nəzərə alsaq bunu böyük diplomatik qalibiyyət adlandıra bilərik.

Xəritənin humanitar istiqamətdə önəmini qeyd etməklə yanaşı siyasi, geosiyasi istiqamətdə gedən proseslərin təsiri ilə ortaya çıxdığını da qeyd etmək lazımdır. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasına diqqət etdikdə prosesin Qərbin – ABŞ-ın, Avropanın təsiri və müdaxiləsilə baş tutduğu açıq-aşkar görünürdü. Rusiya bu prosesdən kənarda qoyulmuş, yaxud da qalmışdı. Bölgədə təsirini artırmaq istəyən Qərb, xüsusən də ABŞ Gürcüstan üzərindən Paşinyana bu şəkildə təsir edərək belə bir nəticəni ortaya çıxardı. Beynəlxalq aləmə görə Ağdam kiçik bir rayondur. Amma hətta bu kiçik rayonda mina problemi belə çox ciddi geosiyasi oyunlar nəticəsində həllini tapır. Daha dəqiq desək xəritənin verilməsi prosesi Qərb-Rusiya geosiyasi savaşının nəticəsi olaraq baş tutdu.

ABŞ-ın və Avropanın Cənubi Qafqazda təsirinin artmasını Gürcüstan qədər Ermənistan, daha dəqiq desək Paşinyan da istəyir. Azərbaycan isə balanslı siyasəti davam etdirməkdə maraqlı görünür. Eyforiyaya qapılıb ifrat Qərbpərəst siyasət yeritmək bizə o qədər də faydalı ola bilməz. Ən azından 2008-ci ildə Gürcüstanın yaşadıqları gözümüzün önündə oldu. Bundan başqa 44 günlük müharibədə Rusiyanın müdaxilə etməməsi, Türkiyənin ciddi dəstəyi bizi qələbəyə sürətlə apardı. Geosiyasi amil təmin edildikdən sonra qəhrəman ordumuz torpaqlarımızı işğaldan azad etdi.

Unutmaq olmaz ki, Cənubi Qafqaz Rusiyanın təsir dairəsindədir. Amma maraqlarımızı da qorumalıyıq. Rusiya buradakı mövcudluğunu Türkiyə-Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinə sadiqlik ruhunda həyata keçirsəydi arada ciddi problemlər yaşanmazdı. Rusiyanın Ermənistandakı revanşistlərə, Qarabağdakı separatçılara dəstək fəaliyyəti gərginliyi artırır. Amma ifrat Qərbpərəstlik də bizə faydalı ola bilməz. Çünki Qərbin də maraqlarında Ermənistanla bağlı planlar daha üst mövqedə yer alır nəinki bizim məsələmiz. Ona görə də Azərbaycan hakimiyyətinin balanslı siyasətlə əldə etdiyi nəticələri alqışlamaq lazımdır.

Bizim məramımız və marağımız Türkiyə ilə üst-üstə düşür. Baxmayaraq ki, son prosesdə Türkiyənin aktiv iştirakı olmadı. Amma ümumən Vətən müharibəsində Türkiyənin təsiri, Ərdoğanın qətiyyətli davranışı danılmazdır. Ona görə də Azərbaycan bölgədə Türkiyənin təsirinin artması, hərbi bazalarının yaradılması, daha sıx müttəfiqlik münasibətlərinin qurulması siyasətinə üstünlük verməlidir.

Mina xəritəsinin verilməsinə qarşılıq 15 nəfərin azad edilməsi faktından Paşinyan öz seçkiqabağı kampaniyasında istifadə edəcək. Çünki seçki təbliğatı görüşlərində əsirlərlə bağlı məsələ Köçəryanla Paşinyan arasında sərt söz atışmasına səbəb olmuşdu. Artıq Paşinyanın bir addım önə çıxa biləcəyini güman etmək mümkündür. Proses belə gedərsə, kənar müdaxilələr olmazsa digər rayonlar üzrə xəritələri əldə etmək, hətta bu diplomatik anlaşmanın üzərindən sərhədləri müəyyənləşdirmək, ölkələrin bir-birini qarşılıqlı tanıması, Zəngəzur dəhlizinin açılmasını da tez bir zamanda gerçəkləşdirmək mümkün olacaq.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü