Yeni WordPress Saytı

Pakistanda Milli Qurtuluş Günü qeyd olunub

Azərbaycan Respublikasının Pakitandakı Səfirliyində ölkəmizin Milli Qurtuluş Günü münasibətilə rəsmi qəbul keçirilib.

 

Pakistan İslam Respiblikasının iqtisadi məsələlər üzrə federal naziri Ömər Əyyub Xanın ali qonaq qismində iştirak etdiyi rəsmi qəbulda Pakistanın xarici işlər üzrə federal katibi Soheyl Mahmud, Federal İctimai Xidmət Komissiyasının katibi Humeyra Əhməd, ölkənin nüfuzlu ictimai-siyasi xadimləri və KİV nümayəndələri iştirak ediblər.

Bu haqda Azərbaycan Respublikasının Pakistandakı səfirliyindən məlumat verilib.

Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsindən sonra qonaqları salamlayan Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə, Milli Qurtuluş Gününün müstəqil Azərbaycan tarixinin şanlı səhifələrindən biri olduğunu bildirib. 1991-ci ildə müstəqilliyin yenidən qazanılmasına baxmayaraq Azərbaycanın onu itirmə və vətəndaş müharibəsi ilə üz-üzə qaldığını qeyd edən səfir, həmin dövrdə Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ölkənin idarəedilməsi məsuliyyətini öz üzərinə götürdüyünü, Azərbaycanı tarixin çətin sınaqlarından qurtardığını və nəticədə Azərbaycanın inkişaf yoluna qədəm qoyaraq inamla irəliyə doğru addımladığını, ölkədə sabitliyin bərqərar olduğunu diqqətə çatdırıb. Səfir Əli Əlizadə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasət nəticəsində, Azərbaycanın sürətli inkişafı və dinamik tərəqqisi ilə yanaşı, xalqımızın əsas məqsədinə – müasir müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olduğunu bildirib. Əli Əlizadə, Azərbaycan Ordusunun peşəkarlığı və qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı, eləcə də, yüksək milli ruh və güc sayəsində Azərbaycan Respublikası Ali Baş Komandanının qətiyyətli rəhbərliyi ilə Azərbaycanın, 20% torpaqlarımızı 30 il boyunca qanunsuz işğal altında saxlayan təcavüzkar Ermənistanı məğlub etdiyini, öz ərazi bütövlüyünü təmin etdiyini, erməni işğalına son qoyduğunu, eləcə də regionda sülhü və ədaləti bərpa etdiyini bildirib. Səfir, Ermənistan-Azərbaycan münaqişəsi dövründə, xüsusilə Azərbaycanın Vətən Müharibəsi zamanı Pakistanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edərək qardaş ölkənin hökumətinə və xalqına təşəkkürünü çatdırıb.

Daha sonra səfir Əli Əlizadə Azərbaycan – Pakistan əlaqələrinin inkişafında və gücləndirilməsində göstərdiyi xidmətlərinə görə Pakistan İslam Respublikasının iqtisadi məsələlər üzrə federal naziri Ömər Əyyub Xanın, Pakistanın xarici işlər üzrə federal katibi Soheyl Mahmudun, Federal İctimai Xidmət Komissiyasının katibi Humeyra Əhmədin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən 2019-cu ildə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif olunduqlarını bildirib və həmin medalları onlara təqdim edib.

Tədbirdə çıxış edən ali qonaq, Pakistan İslam Respiblikasının iqtisadi məsələlər üzrə federal naziri Ömər Əyyub Xan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan hökuməti və xalqını təbrik edib. Pakistan – Azərbaycan münasibətlərinin dərin tarixi köklərə dayandığını bildirən nazir, iki ölkə arasındakı səmimi münasibətlərdən məmnunluğunu ifadə edib və əlaqələrimizin bütün sahələrdə, xüsusilə iqtisadi-ticari sahədə daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Ömər Əyyub Xan Azərbaycanın 44 günlük Vətən Müharibəsindən söhbət açaraq, Azərbaycan Ordusunun peşəkarlığını yüksək qiymətləndirib və vətən müharibəsində zəfər münasibətilə Azərbaycan xalqına öz təbriklərini çatdırıb. Nazir sonda “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı ilə təltif olunmasından fəxr hissi duyduğunu ifadə edib və Azərbaycan hökumətinə bu dəyərli təltifə görə minnətdarlığını bildirib.

Pakistanın xarici işlər üzrə federal katibi Soheyl Mahmud, Federal İctimai Xidmət Komissiyasının müavini Humeyra Əhməd də tədbirdə çıxış edərək Azərbaycan – Pakistan arasındakı yüksək səviyyəli əlaqələrdən söhbət açıb və Milli Qurtuluş Günü münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik ediblər. Pakistanın hər zaman Azərbaycanın yanında olacağını qeyd edən qonaqlar, Kəşmir məsələsində Azərbaycanın Pakistana göstərdiyi dəstəkdən məmnunluqlarını bildiriblər. Onlar “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı ilə təltif olunmalarından fəxr hissi duyduqlarını söyləyərək Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirib, eləcə də iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün öz fəal rollarını davam etdirəcəklərini vurğulayıblar.

Tədbirdə, ulu öndər Heydər Əliyevin Milli Qurtuluş tariximizə aparan Naxçıvandakı fəaliyyəti haqqında da söhbət açılaraq, Səfirliyin təşəbbüsü ilə urdu dilinə tərcümə edilmiş “Qədim və Müasir Naxçıvan” adlı kitabın təqdimatı da keçirilib. Bəhs olunan kitabla bağlı iştirakçılara ətraflı məlumatlar verilib və kitablar onlara hədiyyə edilib.

Tədbir zamanı həmçinin, Səfirliklə sıx əməkdaşlığa, Pakistan mətbuatında Azərbaycan həqiqətlərinin obyektiv şəkildə işıqlandırılmasına, eləcə də Azərbaycan və Pakistan KİV-ləri arasındakı əlaqələrin gücləndirilməsində verdiyi töhfələrə görə Pakistanın bəzi KİV nümayəndələri Səfirlik tərəfindən “Təşəkkürnamə”lərlə də təltif ediliblər.

Tədbir boyu Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı, eləcə də Vətən Müharibəsindəki qələbəsini əks etdirən müxtəlif videoçarxlar nümayiş etdirilib, Azərbaycan milli musiqisi və xalq mahnıları səsləndirilib .