Yeni WordPress Saytı

“VMF” və “CİTİZEN” saatlarının Daşkənddə sərgi-satış salonu açılıb

 

Yüksək texnologiya və dəqiq mexanizmlər istehsal edən Azərbaycanın “VMF” saat fabriki və Yaponiyanın “CİTİZEN” korporasiyası Daşkənddə sərgi-satış salonu açıb.
Daşkəndin Mərkəzi Univermağında sərgi-satış salonunun açılışında Azərbaycanın və Yaponiyanın Özbəkistandakı səfirləri Hüseyn Quliyev və Eşinori Fudjiyama, bu ölkədə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, iş adamları, jurnalistlər iştirak edib.
“VMF” şirkətinin rəhbəri Vahid Mustafayev qonaqları salamlayaraq şirkətin yaranması haqqında məlumat verib. O deyib ki, Azərbaycanın “VMF” Şirkəti saat sənayesində ilk addımlarını ötən əsrin 1990-cı illərində atıb. 1997-ci ildə “VMF” dünya lideri sayılan İsveçrənin “Swatch Group” Saat korporasiyası ilə əməkdaşlığa başlayıb.
2018-ci ildə Azərbaycanın yüksək texnologiya və dəqiq mexanizmlər istehsal edən “VMF” Saat fabriki “CİTİZEN” korporasiyasına aid “Miyota” Saat Mexanizmləri Zavodu ilə daha mükəmməl əməkdaşlıq mərhələsinə keçib və ilk Azərbaycan saatlarının istehsalına başlayıb.
V. Mustafayev deyib ki, 2019-cu ildə “VMF” saatlarının ilk nümunəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunub. Saatlarla tanış olduqda dövlət başçısı Azərbaycanın istehsalı olan “VMF” yüksək texnologiya və dəqiq mexanizmlər fabrikinin saatlarını bütün dünyaya tanıtmaq və ixrac etmək tövsiyəsini verib.
Hüseyn Quliyev bildirib ki, “VMF” Şirkəti Azərbaycana iqtisadi, siyasi və ən əsası, mədəni baxımdan doğma olan Özbəkistanı ilk ixrac ölkəsi seçib. Belə ki, 2020-ci ildə Daşkənd şəhərində “VMF” Şirkətlər Qrupu Orta Asiya üzrə nümayəndəliyini təsis edib. Bunu nəzərə alaraq Yaponiyanın “CİTİZEN” saat korporasiyası “VMF” şirkətini özünün Orta Asiya üzrə təmsilçisi seçib.
Eşinori Fudjiyama deyib ki, 2021-ci ildə “VMF” və “CİTİZEN” saatlarının Daşkəndin Mərkəzi Univermağında ilk sərgi-satış salonu açması qürurvericidir. Bu ilin sonunadək Özbəkistanın bir neçə şəhərində də “VMF” və “CİTİZEN” müştərək sərgi-satış salonlarının açılması gözlənilir.
Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.