Yeni WordPress Saytı

QHT sədri: “Tarixi yalnışlıqların aradan qaldırılmasında iki qardaş ölkənin KİV-ləri sistemli şəkildə çalışmalıdır”

“Azərbaycanla Türkiyə arasında dərin tarixi bağlara malik dostluq, qardaşlıq münasibətləri mövcuddur və bu münasibətlər hər ötən gün daha da dərinləşir, inkişaf edir. İki qardaş ölkə arasında bütün istiqamətlərdə özünü göstərən inkişaf, tərəqqi təhsil sahəsindən də yan keçməyib və bu əlaqələrin ölkəmizin təhsil sahəsinə müsbət təsirləri danılmazdır”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin təsisçisi Süleyman İsmayılbəyli Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun ölkəmizə səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi görüşə münasibət bildirərkən səsləndirib. İctimai Birlik təsisçisi deyib ki, dövlət başçısının türkiyəli nazirlə görüşündə diqqət edilən iki məsələ xüsusilə önəmlidir: “Bunlardan biri işğaldan azad edilən ərazilərdə təhsil müəssisələrinin tikintisi, digəri isə tarixi həqiqətlərin öyrənilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev türkiyəli naziri qəbul edərkən hər iki məsələyə xüsusi diqqət yetirərək mövqeyini, fikirlərini ifadə etdi. Dövlət başçısı bildirdi ki,  təhsil sahəsində əməkdaşlıq olduqca önəmlidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün çox önəmli addımlar atılmalıdır”. Cənab Prezidentin də qeyd etdiyi kimi bu baxımdan qardaş  Türkiyənin təcrübəsi ölkəmiz üçün çox önəmlidir: “İşğaldan azad olunmuş şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli qoyulmuşdur. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi olub. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə tədbirlər görülməlidir”.

Süleyman İsmayılbəyli qeyd edib ki, görüşdə dövlət başçısının diqqət etdiyi və xüsusi olaraq vurğuladığı digər bir məsələ tarixi həqiqətlərin öyrənilməsi, saxta, təhrif olunmuş tarixin birgə əməkdaşlıq nəticəsində aradan qaldırılmasıdır: “Sirr deyil ki, 100 ildən çoxdur erməni yalanı dünyanı bürüyüb. Saxta soyqırım iddiası ilə qardaş Türkiyəyə qarşı hərəkətə keçib və bir sıra ölkələri də bu yalana inandıra biliblər. Baxmayaraq ki, Türkiyə dövləti arxivlərin açılması və tarixçilərin bu olaya qiymət verməsini təklif edib, lakin təəssüflər olsun ki, əksər dünya ölkələri və beynəlxalq təşkilatlar erməni yalanlarına şərik çıxmağa üstünlük veriblər. Eləcə də Qarabağ münaqişəsi meydana gələndən və 44 günlük Vətən müharibəsindən sonra da biz tarixi saxtakarlıqlar, erməni yalanlarına inanıb Azərbaycana qarşı yalnış qərarların qəbul edildiyi, qərəzli addımlar atıldığının şahidi olduq. Ona görə də Cənab Prezidentin Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edərkən dediyi kimi Azərbaycanın müasir tarixi öyrənilməli və təbliğ olunmalıdır. Təhsil proqramlarda, orta məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınmalıdır. Bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilməlidir. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Real həqiqətləri, biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq”.

İctimai Birlik təsisçici onu da diqqətə çatdırıb ki, dünyanın mövcud reallıqlarla məlumatlandırılması, tarixi yalnışlıqların aradan qaldırılması, Azərbaycanın və Türkiyənin haqlı səsinin dünyaya çatdırılması işində medianın da üzərinə mühüm vəzifə düşür və hər iki qardaş ölkənin KİV-ləri bu istiqamətdə daha məhsuldar və sistemli şəkildə çalışmalıdır.