Yeni WordPress Saytı

Respublika Günü münasibətilə Azərbaycanla Özbəkistan arasında onlayn konfrans keçirilib

Respublika Günü münasibəti

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, Azərbaycanın regionlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Özbəkistanın müxtəlif ali məktəblərində, mədəniyyət müəssisələrində yaradılmış Azərbaycan ocaqlarının birgə təşkilatçılığı ilə 28 May Respublika günü ilə əlaqədar “İstiqlaliyyət günü: tariximizin şanlı səhifəsi” mövzusunda beynəlxalq onlayn – Videokonfrans keçirilib.
İlk öncə tədbiri açan Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova xalqımızın milli özünüdərk, mənlik şüurunu özünə qaytaran, onun müstəqil dövlət qurmaq imkanlarına malik olduğunu sübut edən və bütün dünyaya nümayiş etdirən və 103 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti, onun yaradılması və 70 ildən sonra yenidən xalqımızın istiqlaliyyətinə qovuşması, müstəqil Azərbaycanın qazandığı uğurlar barədə danışaraq, müstəqilliyimizin möhkəmlənməsində Azərbaycanın dünyada qüdrətli dövlətə çevrilməsində ulu Öndər Heydər Əliyevin, prezident İlham Əliyevin uğurlu siyasətlərini və xüsusi xidmətlərini qeyd edib.
Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 28 may – Respublika günü ilə əlaqədar geniş məlumat verib, bütün iştirakçıları Vətən torpaqlarının azad olunması, əldə olunmuş Zəfər münasibəti ilə təbrik edib.
S. Abbasov qeyd edib ki, indi hər birimiz fəxrlə deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı olan müstəqil Azərbaycan dünya dövlətləri arasında inamla irəliləyir, böyük nailiyyətlər əldə edir və hər bir azərbaycanlının qürur duya biləcək bir dövlətə çevrilib. Diplomat vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki təcrübə bir daha sübut edir ki, yalnız müstəqilliyi qazanmaq deyil, onu qorumaq və inkişaf etdirmək də əsas məsələlərdəndir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı, onun gerçəkləşdirdiyi siyasət nəticəsində Azərbaycanda dövlətçiliyin xilas olduğunu və bugün Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil Azərbaycanın dünya dövlətləri arasında öz yerini tutduğunu, böyük nailiyyətlər əldə etdiyini qeyd edib.
Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 28 May – Respublika günü münasibəti ilə hazırlanmış xüsusi videoçarx nümayiş etdirilib.
Çıxış edən “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov Azərbaycan dövlətini Respublika günü, Vətən torpaqlarının azad olunması münasibəti ilə təbrik edib. Bugün müstəqil Azərbaycanın qazandığı hər bir uğurun ona dost, qardaş olan ölkələri sevindirdiyini qeyd edən professor E. Nuriddinov Azərbaycanın Özbəkistan üçün etibarlı müttəfiq və strateji partnyor olduğunu, xalqlarımızın qohumluğunu, münasibətlərimizin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.
Özbəkistan “Turon” İnformasiya Kitabxana Mərkəzinin direktoru Nəsibə Əhmədova, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Balakən Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov, YAP Quba rayon təşkilatı Qadınlar Şurasının sədri Aysel Şeydayeva öz çıxışlarında Azərbaycan xalqının öz istiqalaliyyətini əldə etməsi, qazandığı uğurlar, az yaşamasına baxmayaraq Cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik fikirlərini gücləndirdiyini qeyd ediblər.
Onlar Prezident İlham Əliyevdən sitat gətirərək qeyd ediblər: “Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.
Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru, Universitetdəki Azərbaycan ocağının rəhbəri Gülbahar Aşurova Azərbaycanın istiqlaliyyət gününə ən böyük hədiyyənin 30 il Ermənistan işğal altında qalan Vətən torpaqlarının azad edilməsi olduğunu qeyd edərək, Özbəkistanın Xalq Şairi Camal Kamalın “Azərbaycan” şeirini söyləyib.
Çıxış edən digər iştirakçılar vurğulayıblar ki, Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarını qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı”.
Tədbirdə həmçinin Şirvan Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yəhyayeva, Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Cəlilabad Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova, Yardımlı Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Qəbələ Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova, Oğuz Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Aydın Budaqov, eyni zamanda Yasamal, Sumqayıt, Şəki, Zaqatala, Qaradağ, Qax Heydər Əliyev Mərkəzləri, Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi iştirak etmişlər.