Yeni WordPress Saytı

Azərbaycan İlahiyyat İnstitutunda “Bədii əsər oxuma (xarici ədəbiyyat)” mövzusunda müsabiqə keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Bədii əsər oxuma (xarici ədəbiyyat)” mövzusunda müsabiqə keçirilib.

“ZOOM” proqramı vasitəsilə onlayn formada təşkil olunan müsabiqədə Aİİ-nin tələbələri iştirak ediblər.
Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamladıqdan sonra, bu səpkili müsabiqələrin tələbələrin elmə, maarifləndirici yarışmalara maraqlarının, həmçinin ümumi biliklərinin və dünyagörüşlərinin artırılmasının, vətənpərvərlik duyğularının yüksəldilməsinin, əxz etdiklərini daha çevik şəkildə ifadə etmək baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb, təhsilalanlara uğurlar diləyib.

Üç turdan ibarət olan müsabiqədə, ümumilikdə, 45 sual səsləndirilib. Suallar dahi Amerika yazıçısı, 1954-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuş Ernest Heminqueyin məşhur “Əcəl zəngi” romanı, “Qoca və dəniz” povesti və hekayələrinin daxil edildiyi “Seçilmiş əsərləri”nə dair olub. Belə ki, ədəbiyyat seçmələri əvvəlcədən tələbələrə təqdim olunub və suallar sözügedən əsərlərdə yer almış nümunələrə uyğun hazırlanıb.

Müsabiqənin sonunda turlar üzrə qazanılmış ümumi ballar əsasında qaliblər müəyyən edilib, mükafatlandırılıb və onlara diplomlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda pandemiya dövründə də tələbələrin dünyagörüşlərinin artırılması, mütaliə vərdişlərinin və nitq qabiliyyətlərinin formalaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Məlumat üçün qeyd edək ki, “Bədii əsər oxuma” müsabiqəsi Aİİ-də artıq 3-cü dəfədir keçirilir.