Yeni WordPress Saytı

“Əfqanıstandakı azərbaycanlı gənclərin Azərbaycana tarixi ölkələri kimi baxışı fantastikdir”

Fərid Şabanpur: “Bizim əsas  istəyimiz Herat vilayətində Azərbaycan mədəniyyət evinin açılmasıdır”

Bu gün Əfqanıstanda ulu babaları Səfəvilər və Nadir Şah Əfşar dövrlərində bu yerlərə köçürülmüş soydaşlarımız vətən həsərtilə yaşayırlar. Milli kimliklərini, adət-ənənələrimizi bu günə kimi qoruyan bu soydaşlarımızın qəlbləri hələ də “Azərbaycan”  deyibən çırpınır. Biz onların bu həmrəyliyini və milli bağlılığını Vətənimizin dar günlərində, xüsusən Birinci və İkinci Qarabağ müharibəsi zamanı bir daha hiss etdik. Onu da deyək ki, Nadir Şah Əfşar dönəmində Qarabağ bölgəsindən köçürülərək Mərv şəhərində yerləşdirilən soydaşlarımız, 1785-ci il Özbək-əfqan iğtişaşları zamanı Herat şəhərinə köç etmək məcburiyyətində qalmışlar. Hazırda Azərbaycan türkləri Əfqanıstanda əsasən Herat, Kabil, Qəznə, Məzari-Şərif. Beğlan, Bədəxşan, Farah, Nımroz, Faryab, və Balx şəhrlərində kompakt şəklində yaşayırlar. Bu bölgələrdə yaşayan soydaşlarımız özləri ilə apardığı vətənimizin toponimlərini də qoruyub saxlamaqdadırlar. Soydaşlarımızın yaşadıqları bölgələrdə Qarabağ, Xocalı, Şəki,  Bayat kəndləri belə, mövcuddur. Yüz illər boyu doğma dilləri Azərbaycan dilini qoruyub saxlasalar da, lakin yaşadıqları bölgələrdə yabançı xalqların dillərinin təsirinə məruz qalmaları faktı da mövcuddur.

Burada soydaşlarımız Mərvi, Bayat, Qızılbaş, Şahsevən, Türkman, Əfşar, Qacar etnik adı ilə tanınır və icma olaraq fəaliyyət göstərirlər. Həmsöhbətimiz Fərid Şabanpur Mərvi icmasının gənclər şöbəsinin rəhbəridir. O, eyni zamanda Əfqanıstan və Pakistandakı Səfəvi icmaları ilə işləyən Qizil Unity platformasının fəallarından biridir. Xatırladaq ki, Fərid Şabanpur 1994-cü ildə Əfqanıstanın Herat vilayətinin Şəkiban kəndinin  Mərvi qışlağında dünyaya gəlib. 2010-cu ildə orta məktəbi Şəkibanda bitirib. 2013-cü ildə isə Herat Universitetindən məzun olub.

Fərid Şabanpur deyir ki, 2015-ci ilə kimi mərviləri hər kəs türkmən kimi tanıyırmış: “Mərvilər Nadir Şah Əfşarın zamanında Qarabağdan Mərv şəhərinə, oradan da Əfqanıstana köçürülüblər. Bizim azərbaycanlılardan heç bir fərqimiz yoxdur. Çünki bizim dilimiz də, üz quruluşumuz da, saçlarımız və geyimimiz də azərbaycanlılara oxşayır. Bu üzdən biz də azərbaycanlıyq. Hazırda təkçə Heratda 10 mindən çox mərvi – azərbaycanlı yaşayır. Onların doğma dilləri Azərbaycan dilidir”.

“Hamımız ailələrimizdə ana dilimizdə danışsaq da öz dilimizdə yazıb-oxumağı bilmirik”

O, doğma torpağı, tarixi Vətəni Azərbaycana ilk dəfə 2019-cu ildə gəlib: “2 il əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycanda oldum. Şamaxıda “Nəsimi-650” Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak etdim. Bir dünya məmnun oldum. İk dəfə doğma, tarixi  Vətənimi gördüm, qohumlarımı tapdım. Bu şəraiti yaratdığına görə düşərgə zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə öz təşəkkürümü bildirdim.

Burada etnik şuralar yaradılıb, lakin yenə də azlıqda olduqları üçün bu şuraların fəaliyyətlərini geniş miqyasda davam etdirmələri üçün kifayət qədər resurs yoxdur. Həmçinin buradakı müxtəlif Azərbaycan etniklərinin bir-birləri ilə əlaqələri ünsiyyət qurmalı lazımı səviyyədə deyil. Milli bir şuranın olmaması, bu etniklərin azlığı bu kimliyi hələ düzgün və təməl formada bir araya gətirməyən bəzi şeylərdir. Bizim əsas  istəyimiz Herat vilayətində Azərbaycan mədəniyyət evinin açılmasıdır. Hamımız ailələrimizdə ana dilimizdə danışsaq da öz dilimizdə yazıb-oxumağı bilmirik, çünki burada bizim dilimizdə təhsil yoxdur və heç vaxt olmayıb. Azərbaycandan bizə diqqətin artırılması dilimzin qorunmasına və ictimai fəaliyyətimizə böyük ruh yüksəkliyi verər. Azərbaycanda mövcud olan təhsil imkanlarından biz də  istifadə etməyi, Azərbaycan dilini düzgün və standart şəkildə öyrənməyi istərdik. Biz öz dilimizi sevirik. Burada açmaq istədiyimiz Azərbaycan kitabxanası üçün çoxsaylı kitaba ehtiyacımız var”.

“Səbirsizliklə Azərbaycanın Əfqanıstanda səfirliyinin açılmasını gözləyirik”

Fərid Şabanpur Əfqanıstdakı azərbaycanlı gənclərin ictimai fəallağından da danışdı: “Burada gənc nəslin inkişafı üçün çox böyük motivasiya var və onlar bacardıqlarını edirlər. Ümumiyyətlə, onların Azərbaycana tarixi ölkələri kimi baxışı fantastikdir. Media vasitəsilə Azərbaycan kanallarını izləyirlər, Bakını sevirlər, Azərbaycan xalqını sevirlər. Bildiyiniz kimi, ötən il, İkinci Qarabağ müharibəsi zamanı gənclərimiz könüllü olaraq Herat vilayətində #KarabakhisAzerbaijan devizi ilə bir tədbir təşkil etdilər. Bir çağırışda 100-dən çox gənc öz “Facebook” profilini KarabakhisAzerbaijan həştəqi ilə dəyişdirərək bu qrupun Azərbaycana olan böyük marağını göstərdilər. Gənclərimizin bütün bu işləri tamamilə könüllü idi.

Bildiyimiz qədəri ilə bu ilin yanvarında Prezident İlham Əliyev Azərbaycanın Əfqanıstanda (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb. Səbirsizliklə Azərbaycanın Əfqanıstanda səfirliyinin açılmasını gözləyirik. İnanırıq ki, bundan sonra iki ölkə arasında mədəni, sosial və ticarət əlaqələri daha da inkişaf edəcək. Bakının, doğma Şuşamızın, Kabil və ya Herat şəhərləri ilə qardaşlığının elan edilməsi bizim üçün çox xoş olardı”.

 

Vetenqehremanlari.az