Yeni WordPress Saytı

Osloda Azərbaycan ilə Norveçin dostluq əlaqələrinə həsr olunmuş sərgi açılıb

Norveçin paytaxtı Oslonun, Aker Brygge bulvarında, Azərbaycanla Norveç əlaqələrinə və dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə həsr edilən “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının təşəbbüsü və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyilə reallaşan sərginin açılış mərasimində mövcud pandemiya qaydalarına əsasən Türkiyənin Norveçdəki səfiri Fazlı Çorman, Qazaxıstan səfirliyinin məsləhətçisi Talgat M. Zhumqalov, Tur Heyrdal institutunun baş müşaviri Beate Björge, “Reaching Out” təşkilatın sədri Neha İkram və diasporumuzun fəalları iştirak ediblər.
Türkiyənin Norveçdəki səfiri Fazlı Çorman mərasimin açılışında çıxış edərək “CAN” təşkilatının sədri Şervin Nəcəfpuru yeni uğurlu təşəbbüs münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin “İki dövlət, tək millət” ifadəsini yada salan diplomat, Azərbaycan və Türkiyə dostluğunun, tarixi və mədəni əsasları barədə söz açıb. Azərbaycan Türk icmasının, xüsusilə CAN təşkilatının Norveçdə aktivliyini qeyd edən səfir, həyata keçirilən layihələri yüksək qiymətləndirib.
Daha sonra “CAN” təşkilatın sədri Şervin Nəcəfpur rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, yeni sərginin mahiyyəti barədə geniş məlumat verib. O bildirib ki, bu sərgi həm də Azərbaycan və Norveç dostluğunun memarları olan Tur Heyerdal və Heydər Əliyevin əlaqələrindən, ölkələrimizi birləşdirən ümumi dəyərlər barəsində bəhs edir.
Sonra çıxış edən Tur Heyerdal İnstitutun baş məsləhətçisi Beate Björgə Tur Heyerdalın ölkəmizə bağlılığı və ümummilli lider Heydər Əliyevlə dostluq münasibəti barədə söz açıb.
Öz növbəsində norveçli fotoqraf və art-direktor Edmond Yang Azərbaycana səfəri barədə xatirələrini bölüşərək deyib: “Bu gün biz Norveçlə Azərbaycanın mədəniyyətini bir araya gətirməyə çalışdıq, çünki bizi birləşdirən dəyərləri axtarıb tapmağı sevirik. Azərbaycana ilk dəfə gələndə bu ölkə məni çox heyrətləndirdi. İnsanların doğma münasibəti, qonaqpərvərliyi, Azərbaycanın yemək mədəniyyəti ürəyimizi isitdi”. Edmond Yang bildirib ki, bu gün Azərbaycan Avropada aşkarlanmasını gözləyən gizli bir incidir və məhz bu səbəbdən belə sərgilərin keçirilməsi vacibdir.
Qeyd edək ki, sərgi iyunun 6-dək davam edəcək.