Yeni WordPress Saytı

Özbəkistanda erməni gəncin soydaşlarımızı təhqir etməsi ölümü ilə nəticələnib

 

Cari ilin aprel ayının 29-da Daşkəndin Mirzo-Uluqbek rayonunda yerləşən “Lokomotiv Parkı” adlanan ərazidə 1989-cu il təvəllüdlü, Özbəkistan vətəndaşı, əslən azərbaycanlı Əsədov Vidadi Sabir oğlu milli zəmində baş vermiş münaqişə zamanı erməni milliyyətindən olan Seyran adlı şəxsə qətlə yetirmişdir.
Məlumatlara əsasən, tərəflər təsadüfən restoranda təşkil olunmuş məclisdə bir stolda əyləşiblər. Adı çəkilən erməni içkili vəziyyətdə olarkən Vidadi Əsədova sataşmağa başlamış, daha sonra onunla Qarabağ məsələsi ilə bağlı mübahisə edərək milliyyətini və Azərbaycanı təhqir etmişdir. Erməni Seyran Xocalını xatırladaraq, sözdə “Arsax”ın itirilmiş ərazilərinin də geri qaytaracaqlarını, azərbaycanlılardan öz qisaslarını alacaqlarını deyərək soydaşımıza hücum edib, söyüş və təhqiramiz ifadələr işlədib. O, qışqıraraq 1-ci Qarabağ müharibəsində azərbaycanlıların necə məhv etdiklərini, qadınlara necə əzab verdikləri barədə öyünərək əsl təxribat fikirlər səsləndirmişdir.
Yanında xanımı da olan Vidadi Əsədov onu evə götürmüş və sonra hadisə yerinə gələrək Seyran adlı erməni millətindən olan şəxslə dediyi sözlərin hesabını sormuşdur. Bu zaman erməni gənc Seyran əldə etdiyi bıçaqla azərbaycanlı soydaşımıza hücum etmiş, ona zərbə endirməyə çalışmışdır. Vidadi Əsədov isə çevik tərpənərək bıçağı erməni Seyrandan alaraq ona zərbələr endirməyə başlamışdır. Şahidlər isə Vidadinin affekt halında olduğunu, Vətəni və soydaşlarının təhqir olunmasını qəbul etmədiyini və bu səbəbdən Seyranı qətlə yetirdiyini bildiriblər.
Hadisədən sonra, qətlə yetirilmiş erməninin evinin ətrafında erməni diasporunun üzvləri toplaşmış, lakin həmin kontingent tərəfindən Azərbaycana qarşı (və ya intiqamın alınması ilə bağlı) hər hansı şüarların səsləndirilməsi qeydə alınmamışdır.
Məlumatlara əsasən, qətl hadisəsi ilə bağlı Mirzo-Uluqbek rayon Prokurorluğunda cinayət işi açılmış, Vidadi Əsədov həbs edilmişdir.
Bununla yanaşı, milli zəmində mümkün toqquşmaların qarşısını almaq məqsədilə Özbəkistan prokurorluğu tərəfindən cinayətin kvalifikasiyası dəyişdirilmiş və sözügedən əməl guya məişət zəmində baş vermiş qətl hadisəsi kimi qələmə verilmişdir. Hazırda qətl hadisəsinə dair istintaq davam edir.
Qeyd edək ki, həm azərbaycanlı, həm də erməni Özbəkistan vətəndaşlarıdır.