Yeni WordPress Saytı

“Azərbaycanda söz və mətbuat azadlığı sadəcə konstitusion norma deyil, milli dəyərdir”

Söz və mətbuat azadlığı Şərqdə ilk demokratik respublika quran və mətbuat haqqında qanun qəbul edən Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası üçün sadəcə konstitusion norma deyil, milli dəyərdir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, məhz bu baxımdan, söz və mətbuat azadlığı dövlətimiz üçün prioritet istiqamət sayılır və daim diqqət mərkəzindədir: “Hazırda ölkəmizdə çoxsaylı media qurumları fəaliyyət göstərir və az qala, hər gün yeniləri yaranır. Mahiyyət etibarilə, cəmiyyətimizin informasiya ehtiyacının ödənilməsi baxımından ciddi problemlər olmasa da, mediada peşəkarlıq, ixtisaslaşma, maddi-texniki baza, kadr potensialı, müstəqil maliyyə qaynaqları, reklam bazarı ilə bağlı mövcud olan problemlər, bir çox hallarda bu informasiyaların ictimai rəyə obyektiv şəkildə, ictimai maraqlar nəzərə alınmaqla, təhlil edilərək çatdırılmasında çatışmazlıqların ortaya çıxmasına zəmin yaradır.

Azərbaycan mediası ümumən vətənpərvərdir, ictimai və dövlət maraqlarını nəzərə almağı bacarır. Amma təəssüf ki, peşəkarlıq, kadr və ixtisaslaşma problemlərinin yaşandığı media resurslarının vətənpərvərliyi, informasiyanın mənbəyini araşdırmadan, ciddi təhlil etmədən, doğuracağı nəticələri, riskləri nəzərə almadan yayımlaması, son nəticədə ölkəmizə qarşı çevrilir, ictimai maraqlara zərbə vurur.

Vətənpərvər duyğular və bundan qaynaqlanan entuizazm o zaman fayda verir ki, iti və çevik zəkanın, peşəkarlığın süzgəcindən keçsin. Bu gün Azərbaycan mediası üçün elə milli ideologiyamızdan, bayrağımızın rənglərindən qaynaqlanan vahid bir yol, istiqamət var: Azərbaycan mediası milli mətbuatımızın klassik maarifçilik ənənələrini yaşatmaqla, modernləşməli, çağdaş dünyanın çağırışlarına cavab verməli, rəqabətədavamlı olmalıdır.

Ölkəmizdə media sahəsində həyata keçirilən islahatların ana xəttini də bu amil təşkil edir. Yüksək peşəkarlıq, operativlik, vətəndaş mövqeyi, məsuliyyət, qərəzsizlik, ictimai maraqların korporativ maraqlardan üstün tutulması, milli-mənəvi və bəşəri dəyərlərin qorunması Azərbaycan mediasının inkişafının təməlini təşkil etməli və onu əsas istinad mənbəyinə çevirməlidir.