Yeni WordPress Saytı

Xatirələrdə yaşayan şəhid

Fəxr edirəm ki, Allahverdi Ələkbərov kimi qonşum və uşaqlıq dostum olub

Vətən müharibəsində əldə olunan qələbələr nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqla Ordunun birliyini və ümumiyyətlə, dünya azərbaycanlılarının həmrəyliyini hamımız bir daha hiss etdik və gördük. Hər gün döyüş bölgələrindən gələn xəbərləri böyük ümid və həyəcanla izləyirdik və qələbənin əldə olunacağına şübhəmiz yox idi. Çünki Azərbaycan işğal olunmuş ərazilərin azad edilməsi üçün ədalətli mübarizə aparırdı və bu mübarizəni öz ərazisində aparırdı. Qələbəyə sonsuz iradə, hər bir ölkə sakininin Qələbə naminə özünü qurban verməyə hazır olması işğal olunmuş ərazilərin azad edilməsi üçün yuxarıda deyilənlərə parlaq sübutdur. Çox şükür ki, Azərbaycan düşmən üzərində şanlı qələbəni qazandı.

Qarabağ cəbhəsində bu böyük qələbə şəhid və qazilərimiz sayəsində əldə olundu. Bu döyüşlərdə mənim qonşum və usaqlıq dostum gizir Allahverdi Ələkbərov da Vətən yolunda canını fəda edərək şəhidlik zirvəsinə ucalıb. Xatırladım ki, Allahverdi Məzahir oğlu Ələkbərov 1987-ci il fevralın 15-də Ucar şəhərində anadan olub. Allahverdi Ələkbərov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun giziri olan Allahverdi Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Hadrut qəsəbələrinin, həmçinin Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Allahverdi Ələkbərov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb və noyabrın 11-də Mingəçevir şəhər Hərbi Hospitalında şəhid olub. Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi. Üç övladı yadigar qaldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Ələkbərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Ələkbərov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Allahverdi ilə usaqlığımız bir yerdə keçib. Həmişə də ikimiz bir yerdə oynayırdıq. Onunla bağlı unudulmaz xatirələrim çoxdur. Allahverdi şəhid olandan sonra bu xatirlərlə daha da tez-tez xəyalımda canlanır. Buna görə də Allahverdi mənim üçün sağdır və yaşayır…Ağlımda qalan ən gülməli xatirə qonşunun süşəsini qırmaq olub və həmin gün onunla çox gülmüşdük. Mənim Allahverdi ilə usaqlığım çox şən, maraqlı və gülməli keçib. O günləri kaşki geriyə gətirə bilsəm…. Allahverdi çox mehriban, istiqanlı və mərifətli oğlan idi. Mən fəxr edirəm ki, belə bir qonşum və uşaqlıq dostum olub.

Allah bütün şəhidlərimizə rəhmət etsin! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Bahar Quliyeva