Yeni WordPress Saytı

Saxta tarixə saxta siyasi dəstək verən “demokrat”ik ABŞ

 

Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti Co Baydenin 24 aprel “erməni xalqının anım günü” çıxışında 1915-ci ildə Osmanlı imperiyası ərazisində guya bu məzlum xalqın 1 milyondan artıq nümayəndəsinin “soyqırım”a məruz qalması barədə açıqlaması nəinki “demokrat”ik ABŞ adına, ümumilikdə tarix, ədalət və siyasət kimi ciddi konyukturlara da böyük zərbə oldu.
Gerçəklikdən uzaq bu çıxış, tarixi saxtalaşdırmaq cəhdi olmaqla yanaşı elmi araşdırma, fakt və dəlillərin heçə sayılması, arxivlərin əhəmiyyətsizliyi, hüququn zəifliyi və reallığın nəzərə alınmamasının ABŞ prezidentinin siyasi və dövlət idarəetmə fəaliyyətinin əsası olduğu anlamına göstərdi.
Erməni lobbisinin təsirində olan bir çox qərb dövlət və hökumət başçılarını, parlament üzvlərini, hökumət təmsilçilərini və siyasət adamlarını görmüşük, amma “dünya düzəninə cavabdehlik daşıyan” ABŞ-ın birinci şəxsinin belə bəyanat verməsinin yalnız bir adı ola bilər: “Saxta tarixə saxta siyasi dəstək”.
“Yeni xətt” olaraq yeni ədalətsizliyin əsasını qoyan Bayden Administrasiyası bu açıqlama ilə “erməni yan”ı olmaq kimi ucuz və əhəmiyyətsiz “rəğbət”lə yanaşı, illərdir siyasi, hərbi, geostrateji müttəfiqi olan, Yaxın, Orta Şərq və Aralıq hövzəsi regionun və Şərq-Qərb qovşağının əsas aktoruna çevrilən Türkiyənin və onun timsalında geniş Türk arealının və müəyyən dərəcədə də müsəlman aləminin nifrətini qazandı.
Vaxtilə kommunist sisteminə, Müsəlman Şərqinin mötədil dövlət və rejimlərinin “islam fundamentalizmi və terroru” kimi uydurma “ixracat”larına qarşı qalxan və sərhəd qapısı kimi gördükləri Türkiyəyə qarşı Baydenin bu mövqeyi onun 50 illik siyasət təcrübəsini də sual altına qoyur.
Böyük siyasət və dövlət idarəçiliyi göstərir ki, bəzən illəri hədərə aparıb, ondan səmərəsiz, yalnış qərarlar qəbul etməklə də istifadə edilir ki, bunun da bariz nümunəsini Co Bayden öz fəaliyyətində bir daha təsdiq etdi. Hələ vitse-prezident və senator olduğu vaxtlarda Ukrayna və onun keçmiş rəhbərliyi ilə olan qalmaqalları, seçkiqabağı kampaniya vaxtı Türkiyəyə qarşı siyasi uyğunsuz mövqeyi, preszident seçildikdən sonra Rusiya və onun rəhbəri haqqında heç bir dövlət və siyasət ölçü və protokoluna yaraşmayan ifadələr işlətməsi və nəhayətdə saxta erməni uydurmalarını “dirildən” siyasi açıqlama ilə gündəmdə qalan Baydenin siyasətdə əsl çəkisini və rolunu rəqibi Tramp düzgün ölçmüşdü.
Obama administrasiyasında vitse-prezident olduğu vaxtdan Türkiyəyə qarşı müttəfiqə yaraşmayan münasibət sərgiləyən Bayden illərdir terrordan əziyyət çəkən, hər an xarici müdaxiləyə məruz qalmaq təhlükəsi ilə üzləşən qardaş ölkəmizə zenit-raket müdafiə sistemlərinin satılmasının qarşısını almağın təşəbbüskarı olan yarım əsrlik siyasi stajlı “demokrat” lider prezident olan kimi bu yalnışlıqları daha da rəngləndirdi.
Terrorçu qruplara və rejimlərə liberal yanaşan, FETO başlarına isti qucaq açan, ilk dəfə onları ədalətə verməkdən imtina edən ABŞ-ın demokrat camiyəsi Türkiyənin PKK, YPG, PYD və digər terror təşkilatlarına qarşı mübarizəsinə dəstək olmaq əvəzinə, hər zaman onu bu mübarizəni dayandırmağa səsləməkdə məqsədi aydındır.
Türkiyənin regionda siyasi-hərbi güc mərkəzi olmasını, müstəqil kurs aparmasını və bölgənin taleyində məsul oyunçu kimi iştirak etməsini qəbul etməyən ABŞ rəhbərliyi uydurma erməni yalanları ilə aparıcı ölkələri Türkiyənin üzərinə qaldırıb, ona təzyiqlərlə, “razılaşdırılmış” addımlar atmağa məcbur etmək istəyir.
Baydenin bu erməni canfəşanlığı ilə yadda qalan siyasi açıqlama statuslu çıxışı Türkiyə qarşısında hər hansı hüquqi məsuliyyət yaratmasa da münasibətlərdə ciddi çatlar yarada bilər ki, bunları da demokrat administrasiya tezliklə aradan qaldırmasa yeni Türkiyə ilə rastlaşacaq.
O, Türkiyə ki, artıq onun özü ABŞ olmaq planlarını hərəkətə gətirəcək.

 

Asif ƏSGƏRLİ
YAP İdarə Heyətinin üzvü