Yeni WordPress Saytı

Bosniyalı jurnalist: “Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistandan ədalət və təzminat tələb etməlidir”

Faruk Tucakoviç: “Bənzər problemlərlə üzləşən xalqlarımız və dövlətlərimiz arasında əməkdaşlığın güclənməsini istərdim”

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi könüllü olaraq “Azərbaycanın əcnəbi dostları” layihəsini davam etdirir. Müsahibimiz Bosniya və Herseqovinanın “Nova Zora” (nova-zora.com) xəbər portalının redaktoru, araşdırmacı-jurnalist, etnik bosniyalı olan Faruk Tucakoviçdir. Qeyd edək ki, Faruk Tucakoviç veb-portalın redaktoru kimi Qafqaz regionu da daxil olmaqla dünyanın qaynar şəhər və bölgələrində baş verənləri araşdırır. Faruk Tucakoviç deyir ki, Qafqazdakı hadisələr faktiki olaraq onun əslən olduğu Balkan regionunda da baş verir.

– Dağlıq Qarabağda ermənilərin törətdiyi vandalizmə münasibətiniz necədir?

-Erməni diasporunun güclü təsiri səbəbindən Qərb dövlətlərinin uzunmüddətli dəstəyindən ruhlanan Ermənistan qonşu Azərbaycanın bir hissəsini işğal etmişdi. Düşünürəm ki, ölkənizin mübarizəsi haqlı və ədalətlidir. Azərbaycan çətin bir dövr keçirsə də, Dağlıq Qarabağ müharibəsində qalib gəldikdən sonra nəhayət, xalqınız üçün daha yaxşı günlər gəldi. Azərbaycan heç vaxt dayanmamalı, beynəlxalq məhkəmələrdə Ermənistandan ədalət və təzminat tələb etməlidir.

Azərbaycan son illərdə düşünülmüş bir siyasətlə nüfuzunu beynəlxalq arenada da genişləndirməyi bacardı. Aydındır ki, Azərbaycanın iqtisadi və hərbi sahədəki tərəqqisi diplomatik və hərbi qələbədə özünü göstərir.

– Bu mövzuda həqiqətləri yazmaqda nə dərəcə maraqındasınız?

-Keçən il Tovuz bölgəsindəki qarşıdurma başlayandan bəri bəzi Azərbaycan və türk mənbələrindən istifadə edərək Ermənistanın bu bölgədə münaqişəni başlatmasının səbəbləri barədə müxtəlif təhlil yazıları dərc etdim.

Azərbaycanın Gürcüstan və Türkiyəyə keçən təbii qaz kəmərinin olduğu bu regionda Ermənistanın qarşıdurmanı başlatmasının əsl səbəblərini yazdım. Xoşbəxtlikdən, Azərbaycan ordusu Ermənistanın çoxlu sayda raket atəşini dayandırmağı bacardı.

Mən ölkəmdə Qafqazdakı hadisələri ətraflı araşdıran az adamdan biriyəm. Əlbəttə ki, mən gündəlik olaraq Azərbaycan, Ermənistan və ümumiyyətlə, Qafqazdakı vəziyyəti izləməyə və bu barədə yazmağa davam edirəm.

– Azərbaycan diasporu ilə hər hansı əməkdaşlığınız varmı?

-Keçən il Diasporla İş üzrə Dövlət Komitəsində işləyən bir neçə dostumla tanış oldum. Bəzən Azərbaycan xalqına qarşı törədilən müharibə cinayətləri kimi bəzi məsələlərdə əməkdaşlıq edirik.

Bu məsələ mənim ölkəmdə çox həssasdır, çünki xalqım oxşar taleyi bölüşür və bir növ dost və qardaş Azərbaycan xalqına rəğbət bəsləyir.

-Azərbaycanın Bosniya və Herseqovinada tanıtımı ilə bağlı hansı işlər görmək istərdiz?

-Bu məsələni yazaraq, təhlil edərək Qafqazdakı hadisələr barədə xalqımı məlumatlandırmaq üçün bəzi addımlar atmağa çalışıram.

Bənzər problemlərlə üzləşən xalqlarımız və dövlətlərimiz arasında əməkdaşlığın güclənməsini istərdim.

Əslində, təkcə Bosniya və Herseqovinada deyil, Şimali Makedoniya, Serbiya, Avropa Birliyi və ABŞ-da da bir çox oxucunun Azərbaycan, o cümlədən Dağlıq Qarabağdakı müharibəyə dair çox sayda mətn oxumaq imkanı var.

 

– İkinici Qarabağ müharibəsində Azərbaycanın qələbəsi, sizin bizim ölkəyə münasibətinizi nə dərəcədə dəyişdi?

– Dağlıq Qarabağdakı son müharibə və erməni tərəfinin şəhərlərinizə etdiyi artilleriya atəşi məni bölgənizdəki hadisələrlə bağlı daha çox araşdırma aparmağıma səbəb oldu. Əlbəttə ki, yalnız tarixi mövzuda deyil, həm də Tovuz bölgəsindən keçən boru kəmərinə hücumun geosiyasi, iqtisadi və enerji kontekstində araşdırdım.

Ərazi işğalı və müharibə cinayətləri məsələləri gündəmə gələndə, Bosniya və Herseqovina xalqı Dağlıq Qarabağın işğalını hamıdan daha yaxşı anlayırdı. Çünki bizim ölkəmiz də 1990-cı illərdə belə hadisələrlə üzləşib. Birinci Qarabağ müharibəsi zamanı baş verən soyqırımı cinayətinin cəzasız qalması, dünyanın buna susması sonradan Srebrenitsada soyqırımın törədilməsinə ilham qaynağı oldu.

Bu gün Azərbaycanın ucaldığını, xalqınızın ayağa qalxdığını və ölkəsini xilas etdiyini görməkdən məmnunuq.

– Azərbaycanda olmaq istərdinizmi?

-Azərbaycana, o cümlədən Dağlıq Qarabağa səfər etmək istərdim. Mədəniyyətinizi və adətlərinizi də bilmək istərdim.

 

Vetenqehremanlari.az