Yeni WordPress Saytı

Cənubi Koreyada Azərbaycan Multikulturalizmi dərslərinə start verilir

Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində aprelin 1-dən etibarən Azərbaycan Multikulturalizmi adı altında dərslərə start verilir. Bu haqda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Mətbuat xidmətindən özəl olaraq “Vetenqehremanlari.az”a məlumat verilib.

Dərslərdə iştirak edəcək koreyalılar Azərbaycan, Azərbaycan dili və mədəniyyəti, Azərbaycan tarixi və cəmiyyəti haqqında məlumatlandırılacaq. Dərslər həftədə 2 dəfə (hər dərs 2 saatdan ibarət) olacaq. Dərslər Seul İcra Hakimiyyətində İnsan Haqları və Mədəni Müxtəliflik departamentinin direktoru, həmvətənimiz, Nihat Xəlilzadə tərəfindən təşkil olunur. Dərslərin keçirilməsində əsas məqsəd Azərbaycanın multikulturalizm mədəniyyəti və dilimizin Cənubi Koreya cəmiyyətində təbliğ olunması və bundan əlavə, iki ölkə əlaqələrinin daha da genişləndirilməsidir.

Xatırladaq ki, Xəlilzadə Nihat Lazım oğlu 1992-ci ildə Masallı rayonunda anadan olub. 10 ildən artıqdır ki, Cənubi Koreyada yaşayır. Nihat Xəlilzadə, eyni zamanda Qanqnam Bələdiyyəsində Qlobal Mərkəzin direktoru, bundan əlavə Ədliyyə Nazirliyində İmmiqrantların Məsləhətçisidir. Cənubi Koreyada Azərbaycan İcmasının aktiv üzvü olan Nihat Xəlilzadə bu ölkədə dövlət məmuru olan ilk azərbaycanlıdır. O, Cənubi Koreyada 2011-ci ildən “United Nations Educational, Scientific and Cultural Organization” (UNESCO), 2014-cü ildən Seul Gənclər Mərkəzində Azərbaycan haqqında dərslər keçir.

 

Vetenqehremanlari.az