Yeni WordPress Saytı

Tatarıstanın Leninoqorsk şəhərində Novruz bayramı şənliyi keçirilib

 

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Leninqorsk şəhərindəki Mədəniyyət Sarayında Novruz bayramı şənliyi keçirilib. Leninoqorsk şəhərində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyi tərəfindən təşkil edilən tədbirdə bayram süfrəsini səməni, milli paxva, şəkərbura, qoğal və digər ənənəvi Novruz şirniyyatları və simvolları bəzəyib. Bütün şirniyyatlar Azərbaycan qadınlarının əli ilə hazırlanıb. Leninoqorskdakı Azərbaycan diasporunun bütün yaşlarından olan nümayəndələri bayram şənliyinin hazırlanmasında iştirak ediblər.
Tədbirdə Novruz ənənələri və oyunları icra olunub. Belə ki, “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədovla Leninoqorsk şəhərinin meri Ryaqat Hüsainov yumurta döyüşdürülməsi yarışında iştirak ediblər.
Azərbaycan diasporunun nümayəndələri İlhamə Məmmədova və Zeynəb Mustafazadə şənlik iştirakçılarına Novruz bayramı ənənələri, səməni cücərdilməsinin, yumurta boyadılmasının rəmzi mənaları, Kosa, Keçəl və Bahar qızı haqqında geniş məlumat veriblər. Bildirilib ki, azərbaycanlılar Novruz bayramını böyük sevinclə qeyd edirlər, bir-birlərinə hədiyyələr verirlər və bu ənənələr nəsildən-nəslə ötürülür.
“Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin təşkil etdiyi
ənənəvi konsert proqramı bayram tədbirini rövnəqləndirib. Bayramın qonaqlarını milli rəqslərlə Azərbaycandan dəvət olunan “Xəyal” ansamblı sevindirib. Tanınmış azərbaycanlı müğənni, beynəlxalq müsabiqələr laureatı Asif Əliyevin çıxışı Leninoqorsk sakinləri üçün böyük hədiyyə olub. Artistlərin şən çıxışları sayəsində bahar əhvali— ruhiyyəsi hər kəsin ürəyincə olub.
Xatırladaq ki, bayram şənliyi Tatarıstan mediasında geniş işıqlandırılıb.