Yeni WordPress Saytı

Milli Qəhrəman Səfiyar Behbudovun anım gününə həsr olunmuş tədbir keçirilib

Martın 18-də Bərdə rayon Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin bir qurup müəllimi Milli Qəhrəman Səfiyar Behbudovun məzarını ziyarət ediblər. Həmçinin bu məktəbin 5b sinif şagirdləri Səfiyar Behbudovun anım gününə həsr olunmuş tədbir keçiriblər.
Xatırladaq ki, Səfiyar Abuzər oğlu Behbudov 1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis olunduqdan sonra zabitlik kursunu kiçik leytenant rütbəsi ilə bitirən Səfiyar, 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur. O, Bərdədə “Soy” Demokratik Gənclər Təşkilatını yaradaraq gəncləri öz ətrafında toplamışdır. Xocalı soyqırımından bir həftə sonra o, tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil olmuşdur. Bölmə komandiri təyin edilən Səfiyar Tərtər bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, onun bölməsini Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa göndərmişdilər.
1992-ci il mart ayının 11-ində qəflətən həyəcan siqnalı verilir. Erməni faşistləri Əsgəran yaxınlığındakı postumuza hücum edərək oranı mühasirəyə alırlar. Öz PDM-i ilə döyüşə atılan Səfiyar tapşırığı uğurla yerinə yetirərək düşmənin müqavimətini qırır və mühasirədə olan döyüşçülərimizi xilas etdikdən sonra Əsgərana doğru irəliləyir. O, Qaraqaya deyilən yerdə düşmənin böyük qüvvəsilə qarşılaşsa da, geri çəkilmir. Lakin bir müddət irəlilədikdən sonra cəsur döyüşçünün PDM-i vurulur. Ermənilər onu ağır yaralı vəziyyətdə əsir götürürlər. 10 günlük əsir həyatında olmazın işgəncələrə məruz qalan mərd döyüşçümüz düşmənə heç bir sirr vermədiyi üçün ayaqlarına məftil bağlayaraq üzərinə neft töküb yandırırlar.
Gənc zabitin yanmış cəsədini 1992-ci il martın 21-də çətinliklə Ağdam Rayon Milis şöbəsinin köməkliyilə almaq olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992 ci il tarixli 833 saylı Fərmanı ilə Behbudov Səfiyar Abuzər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bərdə rayonunun Mollalı kəndində dəfn edilmişdir. Təhsil aldığı 6 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

https://youtu.be/kAEe19x9gCA

Vetenqehremanlari.az