Yeni WordPress Saytı

    Milli Qəhrəman Samir Xasiyev anılıb

17 mart 2021-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, dövlətçiliyimizin qorunması uğrunda şəhid olan Samir Xasiyevin anım günü qeyd olunub. Tədbir Nərimanov rayonunda Samir Xasiyevin adını daşıyan mədəniyyət və istirahət parkında keçirilib. Tədbir iştirakçıları öncə Samir Xasiyevin büstü qarşısına tər güllər qoyaraq onu anıblar. Sonra Nərimanov Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tarir İbrahimov, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova və digərləri Samir Xasiyevin keçdiyi döyüş yolundan danışıb, həmçinin şəhidin timsalında bütün şəhid övladlarımızın qəlbimizdə, xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildiriblər.
Milli Qəhrəmanın anası Gözəl xanım Xasiyeva tədbirin təşkilatçılarına və ümumiyyətlə dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Xatırladaq ki, Şəhid Xasiyev Samir Zirəddin oğlu 20 aprel 1973-cü ildə Bakı şəhərində doğulmuşdur. 1980-cı ildə 82 saylı orta məktəbə getmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə Kirovabada (indiki Gəncə) şəhərinə köçdükləri üçün Samir təhsilini M.Müşfiq adına 14 saylı Beynəlminəl orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirib, Bakı şəhərinə qayıdır. Əmək fəaliyyətinə 1991-ci ildə “Bakı Soyuducular” zavodunda başlamışdır. Həmin ildə Bakı Dövlət Universitetinin tarix fakultesinin axşam şöbəsinə daxil olmuşdur. Həmin ildə Bakı şəhəri Nərimanov rayonu hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.
Samir əvvəlcə Dərnəgüldə tikinti batalyonunda xidmət edib. 1992-ci ildə Vətənin çağırışına səs verən Samir könüllü olaraq ön cəbhəyə gedir, Pirəkişkildə, Salyanda qısa təlim keçdikdən sonra Qarabağa, döyüş bölgələrinə yollanır.
Samirin erməni qesbkarlarına qarşı ilk döyüşü Ağdamın Mərzili kəndindən başlamışdır. 1993-cü ildə Fizulidə, Ağdamda, Ağdərədə yağı düşmənə qarşı döyüşlərdə iştirak etmişdir.
Samir düşmənin xeyli canlı qüvvəsini, tankını məhv etmişdir. Bu müddət ərzində bir neçə dəfə yaralansa da döyüş bölgələrini tərk etməmişdir. İgidliyinə, şücaətine göre ona komandanlıq tərəfindən fəxri fərmanlar, mükafatlar verilmişdir. Müdafiə naziri şəxsən özü bu cəsur döyüşçünü mükafatlandırmışdır. Samirin qoluna Azərbaycan ordusu Saatı bağlamışdır.
Samirin gərgin döyüşlərindən biri də Tərtər cəbhəsində oldu. Ölümündən sonra qorxmayan Samir bir neçə dəfə düşmən mühasirəsini yarıb əsgərlərimizi xilas etmişdir. Həmin döyüşdə kontuziya almışdır. Bacarıqlı, səriştəli komandirlik fəliyyətinə görə Samirə 10.000 (on min) manat pul mükafatı verdilər və sonra onu 2 aylıq qısa müddətli zabitlər kursuna göndərdilər. Samir bu təlim məşq kursunda da seçilirdi. Ona Leytinant rütbəsi verildi. Az müddət ərzində özünə məxsus bir bölük yaratdı.
1994-cü ildə məlum Gəncə qiyamına qarşı keçirilən əməliyyatların fəal iştirakçısı olmuşdur. Bu hadisədən sonra alay komandiri onu “Hərbi Xidmətlərinə görə” medalına təqdim etmişdir.
Leytenant tağım komandiri Samirin 1995-ci ildə son döyüşü Bakınin 8-ci km qəsəbəsində oldu. 17.03.1995-ci ildə Samir dövlət çevrilişinin qarşısını alarkən qəhrəmancasına şəhid oldu.
Ona 04.04.1995-ci il tarixli fərman ilə ən yüksək ad- Azərbaycanın Mlli Qəhrəmanı adı verildi.
Nərimanov rayonunda keçmiş Montin adına mədəniyyət və istirahət parkına Samirin adı verilib. Həmin parkda büstü qoyulub.
Samir Xasiyevi ikinci Şəhidlər Xiyabanında dəfn ediblər.

Vetenqehremanlari.az