Yeni WordPress Saytı

Ermənistanın təzminat ödəmək imkanı yoxdur – Hay-küyü bilərəkdən salırlar

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Qafan şəhəri yaxınlığında erməni hərbçilərin acınacaqlı vəziyyəti barədə yayılan video ölkədə geniş rezonans doğurub. Ermənistan hərbi polisi və prokurorluq məsələ ilə bağlı istintaq başladıb, post komandiri isə saxlanılıb. Erməni KİV-lərində yayılan məlumata görə, videoda bir qrup hərbçi postlarındakı vəziyyətin dözülməz olduğunu, qida və geyim təminatının, radio və digər lazımi cihazların olmadığını bildiriblər.

Hətta erməni hərbçilər Zəngəzurun önəmli yaşayış məntəqəsi olan Qafanın yaxın günlərdə Azərbaycana təhvil veriləcəyini iddia ediblər: “Qafan onsuz da təslim olduğu üçün geri çəkilməyimiz əmr edilib. Hər tərəfdə türklərdir (azərbaycanlılar – red). Üç tərəfdə onların postları yerləşir. Hər postda 50-60 nəfər var və bizdə isə cəmi 9 nəfərdir”. Hüquq müdafiəçisi Ruben Melikyan “Qafanın təslim olması” ilə bağlı qalmaqallı videonun çəkildiyi nəzarət məntəqəsinin komandirinin gecə yarısı hərbi polisə çağrıldığını deyib. Əslində sosial şəbəkələrdə yayılan video və hərbçilərin etirafı 44 günlük müharibədə məğlub olan erməni ordusunun sadəcə qalıntılardan ibarət olduğunu açıq-aşkar göstərir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin qoşunları tez zamanda Ermənistan sərhədində möhkəmlənərkən, hərbçilərimiz üçün kazarmalar, müşahidə məntəqələri qurularkən Ermənistan tərəfinin sərhəd ərazilərinə nizamsız, başıpozuq könüllü dəstələr yerləşdirməsi bu faktı bir daha təsdiqləyir.

Siyasi şərhçi Azər Qasımov “Şərq”ə açıqlamasında vurğulayıb ki, məğlub Ermənistanın tək Qafan yox, bütün sərhəd boyu acınacaqlı vəziyyətdə olması təbiidir. Lakin analitik hesab edir ki, son günlər Zəngəzur barədə şayiələr və guya bölgənin Azərbaycana veriləcəyi ilə bağlı dezinformasiyalar erməni mediası tərəfindən məqsədli yayılır:

“Azərbaycan müharibə yolu ilə beynəlxalq aləmin tanıdığı qanuni torpaqlarını azad etdi. Fürsəti və gücü olduğu halda Ermənistan ərazisinə girmədi. Hətta Azərbaycan ərazilərində yaşayan dinc əhalinin Ermənistandan raket atəşinə tutulması zamanı belə düşmən ölkənin sərhədlərindən içəri raket atmadıq, həmin tərzdə qarşılıq vermədik.

Bu, Azərbaycanın beynəlxalq qanunlara və dünya ictimaiyyətinin rəylərinə nə qədər əhəmiyyət verdiyinin göstəricisi idi. Həm də qonşu ölkələrin rəsmən təsdiqlənmiş torpaqlarında gözümüzün olmadığının dünyaya nümayiş edilməsiydi. Erməni müxalifəti müxtəlif qərəzli şəkildə öz uydurmaları ilə Azərbaycanı ittiham edir, əsassız iddialarla suçlayır. Məqsəd haqlı Azərbaycanın mövqeyinə kölgə salmaqdır”.

Politoloq xatırladıb ki, Azərbaycan Ermənistanın işğal dövründə bizə vurduğu maddi zərəri hesablamaq üçün ciddi iş aparır:

“Ermənilər yaxşı bilirlər ki, son nəticədə əldə etdiyimiz dəlil-sübutlar beynəlxalq məhkəməyə çıxarılacaq və təzminat davası açılacaq. Məhkəmənin Azərbaycanın xeyrinə nəticələnməməsi üçün heç bir səbəb yoxdur. Düşmən təcavüzünün nəticəsi göz önündədir. Ermənistanın Azərbaycana vurduğu zərər milyard dollarlarla ölçülür. Əlbəttə, indiki halda Ermənistanın bu təzminatı ödəmək imkanı yoxdur.

Ona görə də maddi ziyanı torpaqla qarşılamalı olacaq. Həmin ərazinin Zəngəzur olma ehtimalı böyükdür. Amma burada hansısa “işğaldan” söhbət getmir. Zəngəzurun guya hansısa gizli danışıqlar nəticəsində Azərbaycana veriləcəyi barədə hay-küyün məqsədi indidən dünya ictimaiyyətində və ermənipərəst dairələrdə fikir formalaşdırmaqdır. Biz təzminat qarşılığında Ermənistandan torpaq tələb edə bilərik. Belə hallar dünya praktikasında olub”.

[ad_2]