Yeni WordPress Saytı

İki türk dövləti üçüncü dildə danışmasın – “Qara buludlar” çəkilir?

Qırğızıstan Prezident Sadır Caparovun Özbəkistana rəsmi səfəri zamanı buranın dövlət başçısı Şevket Mirziyoyev ilə görüşüb. Liderlər ilk dəfə olaraq rus dilində danışmayıblar. Onlar rəsmi çıxışlarını öz ana dillərində ediblər.
Bundan əvvəl isə Orta Asiya dövlət başçıları rəsmi çıxışlar zamanı rus dilindən istifadə edirdilər. Beləliklə, sözügedən görüş birlik mesajı kimi tarixə düşüb. Görünür, Rusiyanın qara “buludları” keçmiş sovet ölkələrinin üzərindən artıq çəkilməkdədir. Daha doğrusu, türk dövlətləri özləri bunu edirlər…

Türkoloq alim, professor Firudin Cəlilov “Sherg.az”a açıqlamasında tarixi ilki belə xarakterizə etdi:

“Əlbəttə, iki türk dövlətinin üçüncü bir dildə danışması yaxşı hal deyil. Məsələ ondan ibarətdir ki, SSRİ dövründə rəsmi dil rus dili olub. Ortaq türk dilinin öyrənilməsi isə ayıb sayılıb. Amma indi otuz il keçib.

Türkdilli dövlətlər başa düşürlər ki, onlar arasında əlaqələr güclənir. Ona görə də utanc vəziyyətə düşməməkdən ötrü türk dillərində danışmağa məcburdurlar. Şübhəsiz, ortaq dildə danışmaq da çətindir. Çünki hər dilin öz xüsusiyyətləri var”.

F.Cəlilov, həmçinin bunun yolunu da göstərdi:

“Dediyim kimi, ortaq dil olmalıdır. Bunun üçün isə siyasi iradə mütləqdir. Ortaq dərsliklər tərtib edilməlidir. Misal üçün, İstanbulda və Daşkənddə təhsil alan şagird eyni kitabı oxumalıdır.

Fikrimcə, Azərbaycan türkcəsi ortaq türk dili olmalıdır. Çünki ayrı-ayrı ölkələrdə, o cümlədən qardaş Türkiyənin böyük bir hissəsində Azərbaycan türkcəsindən istifadə olunur.

Yəni Azərbaycan türkcəsində danışan təxminən 60-70 milyon insan var. Bu, heç də az rəqəm deyil. Əminəm ki, məsələn, qazaxlar Azərbaycan türkcəsini daha yaxşı başa düşərlər, nəinki Türkiyə türkcəsini. Qaldırdığınız məsələ ilə dilçilər məşğul olmalıdırlar.

Xüsusi komissiya yaradılmalı, iş planı tərtib edilməlidir. Və siyasi iradə yolu ilə problem öz həllini tapmalıdır”.

[ad_2]